Biz ATƏT-in İrəvan ofisi ilə bağlı yaranmış situasiyadan çox narahatıq.
Baki-xeber.com-un xəbərinə görə, belə bir açıqlama ilə ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Keyt Bernes Vyanada təşkilatın Daimi Şurasının iclasında çıxış edib.
Onun sözlərinə görə, ATƏT-in bütün institutları kimi, bu ofis də təşkilatın missiyasının yerinə yetirilməsində vacib qurumdur. “İrəvan ofisi bağlanarsa, bu, Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə də mənfi təsirini göstərəcək. Biz Azərbaycanı məsələnin konstruktiv və kompromis yolu ilə həllinə çağırırıq. Məhz bu halda ATƏT-in İrəvan ofisinin bağlanmasının qarşısını almaq olar”- deyə o bildirib.
Xatırladaq ki, daha öncə Avstriyanın sədrliyilə Daimi Şuranın iclasında Azərbaycanın ATƏT-in İrəvan ofisinin mandatına uyğun fəaliyyət göstərməməsindən narahatlığı gündəmə gətirilib. Burada söhbət ərazilərin minalardan təmizlənməsindən gedir və rəsmi Bakı ATƏT-in İrəvan ofisinin məhz bu öhdəliyinə əməl etməməsindən narahatlığını bildirib. Ermənistan XİN rəhbəri Edvard Nalbandyan isə deyib ki, bu öhdəlik ərazinin minalardan təmizlənməsindən deyil, maarifləndirici treninqlərin keçirilməsindən ibarətdir.
Onu da bildirək ki, Azərbaycanın müraciətindən sonra ATƏT regiona missiya göndərərək məsələnin araşdırılmasını istəyib. Missiyanın hesabatından sonra isə təşkilatın İrəvan ofisinin bağlana biləcəyi gündəmə gəlib.