“Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”ndan çıxmaq fikrində deyil”. “Azadlıq radiosu”nun məlumatına görə, belə bir bəyanatla Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Dimitri Mironçik Ermənistan parlamentində səslənən şağırışlara cavab olaraq çıxış edib.
Ermənistanlı deputatlar rusiyalı bloqqer Aleksandr Lapşini Azərbaycana verdiyinə görə, Belarusu bu təşkilatdan çıxarmağa çağırıblar.
Mironçik qeyd edib ki, bu təşkilatda iştirak edib- etməmək könüllüdür və Belarusun suveren seçimidir. Sözçü deyib ki, Belarus Aleksandr Lapşini Azərbaycana verməklə üzərinə götürdüyü beynəlxalq öhdəliyi yerinə yetirib.
Qeyd edək ki, Rusiyanın başçılq etdiyi “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”na digər keçmiş sovet respublikalarından Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.