Gələn həftə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri Cocuq Mərcanlıya gedəcəklər. APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, səfəri Xarici İşlər Nazirliyi təşkil edib. Səfərin məqsədi Cocuq Mərcanlıda aparılan abadlıq işləri və planlarla tanış olmaqdır.
“Ümid edirik ki, regionda sülh bərqərar olacaq”. Bu da İranın Azərbaycandakı səfiri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı işlərə münasibət bildirərkən deyib.
O xatırladıb ki, Azərbaycan müstəqilliyi əldə etdikdən sonra İranın Qızıl Aypara cəmiyyəti ölkəmizdə qaçqın və məcburi köçkünlərə yardım edib.
C.Cahangirzadə deyib ki, İranla Azərbaycan hərbi sahədə də əməkdaşlıq edir. O, Azərbycanın müdafiə naziri Zakir Həsənovun İrana səfər edəcəyini bildirib: "Biz bu sahədə əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik. Hər şey etməliyik ki, iki ölkə arasında əlaqələr daha yüksək səviyyədə olsun. Bakıda silah sərgisində də İrandan Azərbaycana nümayəndə heyəti gəldi. Əməkdaşlıqla bağlı bəzi müzakirələr olub".
“Son 25 ildə İran-Azərbaycan əlaqələri günbəgün inkişaf edir” - deyə səfiri bildirib.
O bildirib ki, İran və Azərbaycan prezidentləri son 3 ildə 7 dəfə görüşüblər: "Regionda bu əlaqələrin tayı-bərabəri yoxdur. Müxtəlif qurumlar arasında təmaslar daim davam edir. Ola bilsin ki, bu ilin iyun ayında Naxçıvanda avtomobil istehsalı üzrə müştərək müəssisə fəaliyyətə başlasın".
Səfir bildirib ki, İran və Azərbaycan prezidentləri ECO sammiti çərçivəsində İslamabadda görüşəcəklər. O qeyd edib ki, sammit martın 1-də keçiriləcək.