”Aleksandr Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
”Hesab edirəm ki, bu məsələ də, ikitərəfli münasibətlərdə yaranan digər məsələlər kimi, işgüzar əsasda həll olunmalıdır. Daha çətin məsələlər olur. Əlbəttə ki, Rusiya vətəndaşının taleyi ilə bağlı məsələ prioritetdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar işgüzar əsasda həll olunacaq. Biz belə hesab edirik”, - deyə M. Zaxarova söyləyib.
“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə məlumat yoxdur”. Bunu da M.Zaxarova deyib.
O bildirib ki, Münhen təhlükəsizlik konfransı çərçivəsində bu formatda görüşün keçirilib-keçirilməyəcəyi hələ məlum deyil: “Biz görüşün keçirilməsi üçün təkid etmirik. Münaqişə tərəflərinə görüşün keçirilməsi barədə təklif vermişik. Hələlik Münhen konfransında görüşlərin qrafiki məlum deyil. Biz tərəflərlə təmaslarımızı davam etdiririk. Münhen konfransının keçirilməsinə yaxın bu görüş barədə məlumat verəcəyik”.