Prezident İlham Əliyev: "Azərbaycan müasir, dinamik inkişaf edən, böyük potensiala malik ölkədir"
Prezident İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib ki, Azərbaycan müasir, dinamik inkişaf edən, böyük potensiala malik ölkədir.
Prezident qeyd edib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi 5 qitənin 100-dən çox aparıcı xəbər agentliyini təmsil edən, dünyanın 80 ölkəsindən təqribən 200 qonağı Bakıya toplayıb:
"Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq. Mən əminəm ki, qonaqlarımız nəinki gündəlikdəki vacib məsələləri müzakirə edəcək, eləcə də Azərbaycan haqqında daha çox öyrənəcək, ölkənin inkişafını görəcəklər".
Dövlət başçısı bildirib ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir, gələcək üçün böyük potensiala malikdir.
Prezident İlham Əliyev əlavə edib: "Hesab edirik ki, Azərbaycanda bu cür tədbirin keçirilməsi də ölkəmizin müstəqil kütləvi informasiya vasitələrinin inkişafı sahəsində fəaliyyətinə və uğurlarına verilən qiyməti göstərir. Bu, hökumətimizin əsas prioritetlərindən biridir".
Prezident deyib ki, ölkənin müstəqillik əldə etdiyi 25 il ərzində əldə olunan uğurlar Azərbaycanda kütləvi informasiya vasitələrinin azadlığının, eləcə də bütün digər əsas azadlıqların təmin edildiyini göstərir.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet nəşr olunur, 10 milli, bir peyk, 13 regional və 17 kabel telekanalı faəliyyət göstərir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tam müstəqil internetə sahib ölkədir və əhalinin 75 faizdən çoxu internet istifadəçisidir: "Azərbaycan əhalisinin sayı 10 milyona yaxındır və onlardan 2 milyonu sosial media istifadəçisidir. Beləliklə, bu rəqəmlər göstərir ki, Azərbaycanda azad KİV-in inkişafı çox uğurlu olub, biz məqsədimizə çatmışıq və 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, demokratik inkişaf sahəsində islahatlar da aparılıb".
Dövlət başçısı xatırladıb ki, ötən ay Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi: "Məhz bərpa. Çünki Azərbaycanda ilk demokratik respublika təqribən 100 il əvvəl - 1918-ci ildə qurulub".
Prezident İlham Əliyev bildirib ki, müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cemhuriyyətinin nailiyyətlərindən biri qadınlara seçib-seçilmək hüququnun verilməsi olub, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi:
"1991-ci ildə müstəqilliyimiz bərpa olundu və biz öz həyatımızı yaşamalı idik. Biz öz ölkəmizi qurmalı, siyasi institutlar yaratmalı, iqtisadiyyatımızı modernləşdirməli, dünya xəritəsində öz yerimizi tapmalı idik. Və bu il göstərdi ki, Azərbaycan xalqı əsas məqsədlərinə çatıb".
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir.
İlham Əliyev xatırladıb ki, bir neçə il əvvəl Azərbaycan ən ali beynəlxalq qurumun - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, ölkənin namizədliyini 155 ölkə dəstəkləyib.
Prezident İlham Əliyev əlavə edib: "Beləliklə, dünya ictimaiyyətinin böyük hissəsi, hətta Azərbaycanla aktiv siyasi əlaqələri olmayan ölkələr də bizim namizədliyimizi dəstəklədi. Bu bizim fəaliyyətimizə verilən dəstək idi, beynəlxalq arenada məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi".
Dövlət başçısının sözlərinə görə, bundan başqa, bu geniş dəstək onunla şərtlənirdi ki, Azərbaycan regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş müstəqil xarici siyasət yürüdən bir ölkədir: "Bizim xarici siyasətimiz milli maraqlarımıza əsaslanıb və heç kəsə qarşı yönəlməyib. Eyni zamanda Azərbaycan şərəfli, ləyaqətli ölkədir və bizim gələcəyimiz öz əlimizdədir. Beləliklə, bu amillər, şübhəsiz ki, Azərbaycanın sürətli iqtisadi və siyasi inkişafı ilə birgə daha vacib rol oynayıb".
İlham Əliyev bildirib ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərir və bütün bu təşkilatlarda ədalət və beynəlxalq hüquq dəyərlərini irəli sürür: "Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür və hər iki təşkilatda çox yüksək dəstəyə malikdir".
Dövlət başçısı bildirib ki, 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə dünyada ilk dəfə olaraq Bakıda Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirildi: "Bu iclas tarixi nailiyyət idi və sonra bu, "Bakı Prosesi" adını aldı. Biz bununla qürur duyuruq. Hesab edirik ki, bu sahədə bizim uğurumuz dünyada yüksək qiymətləndirilir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqının multikulturalizm ənənələri müxtəlif dinlər və xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir: "Azərbaycan multikulturalizmə gözəl nümunədir".
Prezident vurğulayıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunub: "Bu bizim dövlət siyasətimizdir, eyni zamanda cəmiyyətimizin ümumi ab-havasını əks etdirir".
İlham Əliyev deyib ki, Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Onların arasında hər il keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu il keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu yer alır: "Roma Papası Fransiskin sentyabrda Azərbaycana səfəri, multikulturalizm və bizim uğurlarımız barədə bəyanatları bu sahədəki nailiyyətlərimizin mühüm göstəricisi oldu".
Dövlət başçısı qeyd edib ki, Roma Papası Bakıya səfəri zamanı katolik kilsəsini, məscidi ziyarət edib, Azərbaycandakı bütün dini icmaların rəhbərləri ilə görüşüb və Bakıdan, elə bu zaldan bütün dünyaya mədəniyyətlərarası və dinlərarası dialoqun dəyərləri barədə müraciət edib.
Prezident bildirib ki, bu gün dünyada dini və etnik zəmində qarşıdurmalarla müşahidə olunan hadisələr fonunda Azərbaycan multikulturalizmi əldə etdiyi nailiyyətlərdən biri kimi qəbul edir:
"Biz insanların təkcə milli və ya dini mənsubiyyətlərinə görə əziyyət çəkdiyini, bu faciələri görürük. Bu bizi çox narahat edir. Ona görə də biz öz gündəliyimizi - uğurlu multikulturalizm gündəliyini təklif edirik. Hesab edirəm ki, Azərbaycanın nümunəsi bunu sübut edir. Biz əməkdaşlıq, qarşılıqlı anlaşma proqramı təqdim edirik".
Dövlət başçısı deyib ki, bu məsələdə Azərbaycanın rolu, əlbəttə, başlıca olaraq ölkənin ənənələri və tələbatlarına əsaslanır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, ölkədə sabitlik hökm sürür və müxtəlif etnik və dini qrupların nümayəndələri burada sülh və anlaşma şəraitində yaşayır:
"Eyni zamanda bu, dünyaya müraciətdir. Çünki biz təcrid olunmuş ada deyilik və digərləri ilə qonşuluqda yaşayırıq. Buna görə də biz dünyada, o cümlədən regionda bu sahədə müsbət inkişaf görmək istəyirik. Bu bizim məntiqi marağımızdır".
İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər boyunca qarşılaşdığı problemlərdən biri tarixi və qanuni ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır.
Prezident deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, "Qarabağ" sözü isə Azərbaycan mənşəlidir: "Bundan başqa, təkcə sovet dövründə Azərbaycanın muxtar vilayəti olmuş Dağlıq Qarabağ deyil, ölkənin digər yeddi rayonu da Ermənistan işğalı altındadır. İşğal 20 ildən artıqdır ki, davam edir və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Xalqımız Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi erməni işğalı altındadır".
Prezident bildirib ki, bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı düzgün qərarlar və qətnamələr qəbul edib: "O cümlədən BMT Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr icra olunmur. Ermənistan bu qətnamələrə və beynəlxalq ictimaiyyətin qərarlarına sadəcə əhəmiyyət vermir. Çox ciddi müzakirələr aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnmalərinin icrası mexanizmlərinin hazırlanması üçün tədbirlər görmək lazımdır".
Dövlət başçısı əlavə edib ki, siyasi nöqteyi-nəzərdən qətnamələrin icra olunması üçün vahid metodlar olmalıdır: "Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə gün ərzində icra olunur, bizimlə bağlı isə 20 ildən çox vaxt keçib. Bu qəbuledilməzdir, bu, Azərbaycana münasibətdə ikili standartların təzahürüdür. Biz bu işğala son qoymalıyıq".
İlham Əliyev qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar da hələ də kağız üzərində qalmış analoji qərar və qətnamələr qəbul ediblər: "Bizim bütün tarixi abidələrimiz, məscidlər, qəbirlər ermənilər tərəfindən dağıdılıb. ATƏT işğal olunmuş ərazilərə iki dəfə missiya göndərərək bu faktları üzə çıxarıb. ATƏT-in hesabatları da bunu təsdiq edir. Lakin Bakıda dövlət mühafizəsi altında olan və bərpa olunmuş erməni kilsəsini ziyarət etmək olar. İşğal olunmuş Dağlıq Qarabağda və digər rayonlarda isə bizim bütün məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb".
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır və bu nizamlanma Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına əsaslanmalıdır: "Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi böyük dəyərə malikdir. Biz həmişə eşidirik ki, postsovet məkanındakı münaqişələr ölkələrin ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu həm də Azərbaycana aid edilməlidir".
İlham Əliyev qeyd edib ki, bu nəhəng siyasi və iqtisadi yükə baxmayaraq, Azərbaycan inkişaf edir: "Biz öz inkişafımıza çox bağlıyıq. Biz daha güclü dövlət qurmalı, sosial sahədə bütün vədlərimizi reallaşdırmalı, iqtisadiyyatımızı şaxələndirməli və güclü olmalıyıq".
Prezident təəssüflə bildirib ki, müasir dünyaya beynəlxalq hüquq dəfələrlə pozulur və təcavüzkarı təcavüzü dayandırmağa məcbur edən heç bir siyasi mexanizm mövcud deyil.
Dövlət başçısı deyib ki, Azərbaycan daha çox iqtisadi inkişafa yönəlib və bu sahədə əldə olunan nailiyyətlər çox təsirlidir.