Putinlə ABŞ-ın yeni prezidenti Donald Tramp arasında hər iki tərəfin razılığı ilə telefon danışığı baş tutub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada deyilir ki, Rusiya lideri bir daha amerikalı həmkarını qələbə münasibətilə təbrik edib və yeni administrasiya ilə bərabər prinsiplər, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq şərtilə əməkdaşlıq əlaqələrinin qurulmasına hazır olduğunu bildirib.
Söhbət zamanı tərəflər ABŞ-Rusiya əlaqələrinin bugünkü gərgin durumuna diqqət çəkib və gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 210 illiyinin tamam olmasını nəzərə alaraq, münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin, soyuqluğun aradan qaldırılmasının vacibliyini qeyd edib. Ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsinin önəmini qeyd edən prezidentlər, xüsusilə terrorizmlə mübarizədə və Suriya çözümündə fəaliyyətlərin koordinasiya olunmasının önəmini qeyd edib.