ABŞ-ın “Newsweek” dərgisi gündəmi qarışdıran xəbər dərc edib.
Bu iddiasını şərh edən dərgi ilk öncə ABŞ-ın fərqli seçki sisteminə diqqət çəkir. Bildirir ki, bu sistemin tələblərinə görə gələn ay toplaşacaq seçici qurulu Trampın prezidentliyini təsdiq etməyə də bilər. Bu isə seçici qurul üzvlərinin daha öncə verdikləri səsdən imtina edib Klintona səs verməsi halında mümkündür. Dərgi xatırladır ki, ABŞ-ın seçki tarixində bu hal 157 dəfə yaşanıb. Hətta 1836-cı ildə Virciniya ştatında 23 seçici qurul üzvü eyni anda səslərini geri çəkib, lakin namizədlərin topladığı səslər arasında fərq böyük olduğundan, “sədaqətsiz seçicilər” nəticəyə təsir edə bilməyib. İndiki halda isə nəticələrin dəyişməsi üçün 32 nəfərin Trampa “sədaqətsiz” davranması gündəmi kökündən dəyişə bilər.
Dərgi ona da diqqət çəkir ki, seçkilərin nəticələri rəsmi elan olunmayıb və bütün media “Associated Press” agentliyinin xəbəri əsasında Trampın qələbəsini qəbul edib. Lakin bir çox ştatlarda namizədlərin səsləri arasında fərq o qədər az olub ki, rəsmi nəticələrdə başqa bir rəqəmin ortaya çıxa biləcəyi mümkün sayılır. Dərgi ABŞ-ın yaxın seçki tarixində daha bir fakta diqqət çəkərək bildirir ki, 2000-ci ildə prezidentin kimliyini müəyyən edəcək Florida ştatında namizədlər arasında çox az səs fərqilə bitən seçkilərdə məhkəmə təkrar seçkilərə icazə verməmiş və bunun nəticəsində Corc Buş prezident olmuşdu.
Bu arada Utah Universitetinin hüquq professoru Kristofer Levis Peterson Trampın prezident seçildikdən sonra dərhal bu postdan uzaqlaşdırılması üçün yetərli əsasların olduğunu bildirir. Onun sözlərinə görə, ötən illərdə Trampın öz adını daşıyan universitetinin tələbələrindən yalançı vədlərlə 40 milyon dollar topladığı iddia edilib və onun barəsində dələduzluq, təhdidlə pul alma və aldadıcı reklam ittihamları ilə üç məhkəmə davası açılıb. Hüquq professoru yanvar ayında prezident kürsüsünə oturacaq Trampın dərhal bu postdan uzaqlaşdırılması üçün bu üç dəlili yetərli sayır. Lakin “Independent” bu deyilənləri çox kiçik ehtimal hesab edir. Bildirir ki, bundan ötrü Konqresin qərarı olmalıdır, Konqresdə isə səs çoxluğu respublikaçılara məxsusdur.
Lakin o da faktdır ki, bu deyilənlər baş verərsə, hazırda onsuz da gündəmin qarışdığı ABŞ-da vəziyyət daha da pisləşə, qütbləşmə dərinləşə bilər.
Samirə