Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın üçrəngli bayrağının dövlətimizin, xalqımızın fəxr, qürur mənbəyi olduğunu dəfələrlə qeyd edib.
2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında İlham Əliyevin söylədiyi geniş nitq böyük əks-səda doğurdu. Ölkə başçısı bir daha vurğuladı ki, müasir Azərbaycan Respublikası 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi və mənəvi varisidir. İlham Əliyev çıxışında qeyd edib: "...O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cumhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illər hamımızın yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və Azərbaycan, əslində, dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bu gün Azərbaycan vətəndaşları görürlər".
Ölkə başçısı 2010-cu ildəki çıxışında vurğulayıb ki, 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olub. Prezident qeyd edib ki, məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik yaranmış, ölkə dünya birliyinə özünü təqdim edə bilib: "Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişdir. Ölkəmizə böyük həcmdə investisiyanın cəlb olunmasına nail ola bilmişdik. O proseslər bu gün də Azərbaycanın inkişafını təmin edir və onilliklər bundan sonra da Azərbaycanın uğurlu inkişafını müəyyən edəcək. O on il ərzində Azərbaycan çox böyük bir yol keçmişdir və demək olar ki, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir... Bütün bu vacib məsələlərlə bərabər, bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq. O ölkə ki, burada bütün azadlıqlar var. Təhlükəsizlik, sosial rifah, iqtisadi inkişaf templəri təmin edilir. O ölkə ki, burada bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mehribanlıq, dostluq şəraitində yaşayırlar. O ölkə ki, burada milli-dini dözümlülük yüksək səviyyədədir və bu gün Azərbaycan bu məsələlərdə nümunə kimi göstərilir. Bu ölkəni biz yaratmışıq. Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Bizim bütün təşəbbüslərimiz, irəli sürdüyümüz bütün layihələr səmərə verir, həm bizə, həm bizim tərəfdaşlara xeyir gətirir. O layihələri həyata keçirmək üçün nəinki böyük maliyyə imkanları, həm də güclü iradə, cəsarət və öz siyasətinə sədaqət lazımdır. Hər halda bu günə qədər ölkəmiz tərəfindən atılan bütün addımlar düzgün istiqamətdə atılmış addımlar olmuşdur.
Biz bu gün müstəqil ölkə kimi yaşayırıq və böyük qürur hissi ilə yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu böyük xoşbəxtlikdir, böyük sərvətdir. Bizdən əvvəl nəsillər müstəqillik arzusu ilə yaşayırdı. Ancaq bu müstəqilliyi görmək bizə nəsib olub. Bu xoşbəxtlik bizə nəsib olub. Biz nəinki bu müstəqilliyi görürük. Biz bu müstəqilliyin möhkəmləndirilməsi üçün işlər görürük, fəaliyyət göstəririk, çalışırıq. Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu var. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik.
Bir daha demək istəyirəm ki, bu gün atılan addımlar və irəli sürülən təşəbbüslər onilliklərdən sonra özünü göstərəcəkdir. Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz ölkəmizin uğurlu inkişafını hansı resurslar əsasında təmin edəcəyik?! Biz bu barədə düşünürük və görülən bütün işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda, gələcəyə yönəldilib. Biz müstəqil, azad xalqıq, öz siyasətimizi özümüz aparırıq və bundan böyük xoşbəxtlik ola bilməz.
Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər var. Yəni bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!".
Qeyd edək ki, Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı dövlət bayrağı qarşısında diz çökərək onu öpən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.
Məlumata görə, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının dövlət bayrağına hörmətlə yanaşmalıdır.
Azərbaycan bayrağı azərbaycançılığın əsas simvollarından biridir. Azərbaycan bayrağı xalqımızın qürur mənbəyi, azərbaycançılığın obrazıdır desək yanılmarıq. Azərbaycançılığın bütün elementləri bayrağımızda əks olunub.
Bayrağımız hər zaman uca olsun!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.