Xəzərdə itmiş şəxsin meyiti tapılıb və şəxsiyyəti təsdiqlənib. "BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən insan cəsədi çıxarılıb.
Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Meyitin "Dərinsulu Günəşli" platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan "KCA Deutag" tərəfindən təsdiq olunub.
Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan tapılan meyitin kimliyi məlum olub. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, meyit Pirallahı rayonu ərazisindən tapılaraq məhkəmə tibbi-ekspertizasına təhvil verilib.
Aparılan araşdırmalar nəticəsində meyitin noyabrın 8-də itkin düşmüş "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının işçisi, 1964-cü il təvəllüdlü Hacıyev Qalib Məmmədtağı oğlu olduğu müəyyənləşib.
Meyit artıq mərhumun ailəsinə təhvil verilib.