Bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya regionlararası forum keçirilib. "APA-Economics" xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanı İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkənin dövlət rəsmiləri, parlament və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və sair sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-ə yaxın olmaqla ümumilikdə 600 iştirakçı qatılıb.
Forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının forum iştirakçılarına təbrik məktublarını oxuyub.
Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev tədbirin keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi iki ölkə arasında uğurlu əməkdaşlığın göstəricisidir: "Əminəm ki, builki forum da əvvəlki illərdə keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək".
Ticarət, iqtisadi, turist axını, sənaye və kənd təsərrüfatı...
Sıra ilə həm Azərbaycanda, həm də Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur.
Bu barədə Prezident İlham Əliyevin dünən Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına ünvanladığı müraciətində deyilir.
Müraciəti Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib.
Müraciətdə deyilir: "Hamını Bakı şəhərində VII Azərbaycan-Rusiya regionlararası forumun işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Qeyd etmək lazımdır ki, həm Azərbaycanda, həm də Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur. İştirakçıların zəngin tərkibi və aktual məsələlərin geniş spektrini əhatə edən forumların proqramları bu forumlara olan marağın bariz sübutudur. Bu da qanunauyğundur. Çünki bu platformalarda Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yönəlmiş birbaşa dialoqlar aparılır və yeni iş münasibətləri, konstruktiv təşəbbüslər və innovasiya layihələri ərsəyə gətirilir. Şübhəsiz ki, növbəti görüşün konkret gündəliyi Sizə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını təyin etməyə, turist axını perspektivlərini müzakirə etməyə, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsinə və ikitərəfli münasibətlərin mədəni-humanitar tərkib hissəsinin dinamikası barədə danışmağa imkan verəcək".
Dövlət başçısının müraciətində qeyd olunur ki, hər iki ölkənin güclü iqtisadi potensialını və birgə əməkdaşlığın zəngin təcrübəsini nəzərə alaraq gələcəkdə birgə səyləri daha da gücləndirmək və iki ölkənin bölgələri arasında əməkdaşlığı daha da artırmaq lazımdır.
Müraciətdə həmçinin deyilir: "Bu gün qlobal böhranın bütün dünya miqyasında ciddi dəyişikliklərə səbəb olduğu mürəkkəb dövrdə bu çox vacibdir. Ümid edirəm ki, siz iqtisadiyyat və investisiyalar, mədəniyyət və təhsil sahələrində bir sıra məsələləri razılaşdıra biləcək və birgə əməkdaşlığın prioritetlərini təyin edərək daha səmərəli formalarını inkişaf etdirə biləcəksiniz. Əminəm ki, bu forum konstruktiv şəraitdə keçəcək, maraqlı layihələr və faydalı diskussiyalarla yadda qalacaq, ən əsası isə ölkələrimizə real xeyir gətirəcək. Bütün iştirakçılara məhsuldar fəaliyyət və praktiki nəticələr, möhkəm can sağlığı və uğurlar arzu edirəm".
Vladimir Putin foruma məktub göndərdi
Rusiya və Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının əsasında xalqları uzun əsrlərdir bir-birinə bağlayan dostluq və mehriban qonşuluq münasibətləri dayanır. "Trend"in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçirilən VII Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətində deyilir.
Müraciətdə qeyd olunur: "Sevindirici haldır ki, forum bizim tariximizin ümumi səhifələrinə əsaslanan etimad və qarşılıqlı anlaşma ənənəsini inkişaf etdirir, inteqrasiya proseslərinin və qarşılıqlı faydalı əməkdaşlığın artırılmasına yardım edir".
RF Prezidenti əmin olduğunu bildirib ki, cari görüş iki ölkənin hakimiyyət orqanları və işgüzar dairələrinin, eləcə də ekspert və ictimai təşkilatlarının nümayəndələrinin konstruktiv dialoqu formatında keçiriləcək:
"Forumun gündəliyində iqtisadi və maliyyə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, elm, təhsil və mədəni sahələrdə kooperativ əlaqələrin dərinləşdirilməsi kimi vacib məsələlər öz əksini tapacaq.
Sizə iki ölkənin və xalqın rifahı naminə səmərəli iş və nəzərdə tutulan planların uğurla həyata keçirilməsini arzulayıram".
Rusiyanın Azərbaycan iqtisadiyyatında 3 milyard dollar vəsaiti...
Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq sərmayə yatırıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev forumdakı çıxışında deyib.
Nazirin sözlərinə görə, Azərbaycan da öz növbəsində Rusiya iqtisadiyyatına 1 milyard dollardan artıq vəsait yatırıb.
Nazir bildirib: "Azərbaycan və Rusiya arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. İki ölkə rəhbərləri siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verirlər. Çoxsaylı qarşılıqlı yüksək səviyyəli görüşlər buna sübutdur".
Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında normativ-hüquqi baza var. Azərbaycan və Rusiya 170-dən artıq sənəd imzalayıb ki, bu sənədlərin 50-si iqtisadiyyat sahəsinə aiddir".
Nazir qeyd edib: "Ölkələr arasında ticarət, investisiya, sənaye, yük tranziti, energetika, nəqliyyat və kənd təsərrüfatı, eləcə də humanitar sahədə uğurlu əməkdaşlıq var. Ticari münasibətlər Azərbaycan-Rusiya əməkdaşlığında mühüm sahələrindəndir. Cari ilin 9 ayının nəticələrinə görə, mal dövriyyəsinin həcmində müsbət dinakmika müşahidə olunur. Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında 3-cü yeri tutur".
Azərbaycanın Rusiyaya qarşı sanksiyaları dəstəkləmədiyi alqışlandı...
"Biz həmişə özümüzü Azərbaycanda rahat hiss edirik. Bu forumun formatı çox vacibdir. Biz yeni layihə və perspektivlər gözləyirik. Rusiya və Azərbaycan ağır postsovet böhranından çıxan ölkələrdir. Azərbaycan vacib regional dövlətə, Rusiya isə böyük ölkəyə çevrilib". APA-nın məlumatına görə, bunu forumda çıxışı zamanı Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramzan Abdulatipov deyib.
İki ölkənin beynəlxalq aləmdə müstəqil siyasət yürütdüyünü deyən R.Abdulatipov qeyd edib ki, Rusiyaya sanksiyalar tətbiq olunanda Azərbaycan bu sanksiyaları dəstəkləməyib: "Buna görə də Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm. Təəssüf ki, ABŞ dünyada sabitliyin bərpasında vacib rol oynamalı olduğu halda münaqişələrin mənbəyinə çevrilir. Bu ölkədə prezidentliyə namizədlər ABŞ-ın xeyrinə yox, Rusiyanın əleyhinə kampaniya aparır".
Dağıstan Respublikasının Azərbaycanla əlaqələrinə gəldikdə isə, R.Abdulatipov 3 il ərzində rəhbərlik etdiyi respublikanın Azərbaycanla münasibətlər quran Rusiya subyektləri arasında ilk "beşliyə" düşdüyünü vurğulayıb: "Mən Dağıstana gələndə, respublikada iqtisadi durum yaxşı deyildi, yanında uğurla inkişaf edən Azərbaycan var idi. Lakin aralarında heç bir iqtisadi və mədəni əlaqələr yox idi. 3 il ərzində Azərbaycanla münasibətlər quran Rusiya subyektləri arasında ilk "beşliyə" düşdük. Dağıstan, informasiya təbliğatına baxmayaraq, Rusiyanın ən sakit regionlarından biridir. Təəssüf ki, Dağıstanın çoxlu sayda daxili düşmənləri var. Biz Xəzər dənizinin statusu ilə bağlı məsələdə pis işləyirik. 25 ildir Xəzərin dibinin statusu ilə bağlı danışıqlar aparırıq, bu müddətdə buraya üçüncü tərəflər daxil olur. Bu barədə sabah fikirləşəndə, deyəcəyik ki, bizə işləməyə mane olurlar".
"Dağıstan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün azərbaycanlı sahibkarlara icarə əsasında torpaq verməyə hazırdır" - deyən R.Abdulatipov bildirib: "Azərbaycanlı sahibkarların Dərbənddə torpaq icarəyə götürərək kənd təsərrüfatı məhsulları yetişdirmək imkanı varsa, niyə də bu imkandan istifadə olunmasın?"
Dağıstan Prezidenti bu üsulun kənd təsərrüfatı məhsullarının Azərbaycanda istehsal olunaraq Rusiyaya göndərilməsindən daha məqsədəuyğun olacağını bildirib.
Hökumətlərin həll edə bilmədiyini belə forumlar edir
Azərbaycan və Rusiya arasında regionlararası münasibətlər təbii əsaslar üzərində qurulub. Bu açıqlamanı isə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin verib.
Səfirin sözlərinə görə, regional münasibətlər hər iki ölkənin qarşılıqlı maraqlarını əks etdirir.
V.Doroxin bu cür forumların iki ölkə arasında hökumətlərarası səviyyədə həlli mümkün olmayan məsələlərin həll olunmasında böyük rol oynadığını da vurğulayıb.
Azərbaycanın qeyri-neft sektorunda irəliləyişlər diqqətimizi çəkir
"Azərbaycan və Rusiya qeyri-neft sektorunda münasibətlərin inkişafı perspektivlərinə malikdir" - deyən Rusiya Prezident Administrasiyasının xarici dövlətlərlə regionlararası və mədəni əlaqələr İdarəsinin sədri Vladimir Çernovun sözlərinə görə, Azərbaycan qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində çox irəliləyib və bu sahələrdə Rusiya üçün maraqlı və perspektivli tərəfdaşa çevrilə bilər.
19 region arasında 36 saziş...
"Azərbaycan-Rusiya regionlararası forumları artıq gözəl ənənəyə çevrilib". Bu sözləri isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Səfir iki ölkə arasında münasibətlərin gələcəkdə bir çox sahədə inkişaf edəcəyindən əminliyini bildirib.
P.Bülbüloğlu qeyd edib ki, 2016-cı ilin əvvəlinədək Azərbaycanla Rusiyanın 19 regionu arasında 36 saziş imzalanıb.
Əsasən investisiya və turizm yönümlü sənədlər imzalandı
Azərbaycan və Rusiya humanitar və iqtisadi sahələri əhatə edən bir sıra sənədlər imzalayıb. Sənədlər Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda imzalanıb.
İmzalanan sənədlər arasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında saziş, AZPROMO və Dağıstanın Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında memorandum, AZPROMO və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında memorandum, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa Çərçivə Sazişi, Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiyanın Stavropol diyarının Kislovodsk kurort şəhəri administrasiyası arasında qardaşlaşma və əməkdaşlıq haqqında saziş, Bakının Nərimanov Nayon İcra Hakimiyyəti ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında niyyət protokolu, Həştərxan vilayətinin Nərimanov rayonu bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli xüsusi iqtisadi zonada sənaye istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında saziş, Quba Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş və Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş də var.
Bundan başqa, bir sıra şirkətlər arasında da sənədlər imzalanıb.
Xəbər xidməti