Ötən gecə Ukrayna xüsusi təyinatlıları Ali Rada qarşısında salınan çadır düşərgəsini dağıtmağa cəhd edib.
Baki-xeber.com-un xəbərinə görə, nəticədə yalnız ilk çadıra çata biliblər. Belə ki, fəallar onları geri oturda bilib. Bundan sonra xüsusi təyinatlıların gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində, “Özünəyardım” partiyasından deputat seçilmiş Yeqor Sobolev də daxil olmaqla, bir neçə nəfər zərər çəkib. Eyni zamanda bir neçə nümayişçinin saxlandığı xəbər verilir.
Hadisələrin ardından polis ətraf rayonlarda gözləmə mövqeyi tutub. Mitinqçilər isə metal predmetlərdən baryer qurmağa başlayıb. “Özünəyardım” partiyasından digər deputat Semyon Semyonçenko polisin aksiyaçılarla vəhşicəsinə davrandığını, onları yerə yıxıb təpiklədiyini və 8 nəfəri gözaltına aldığını bildirib.
Polisin gözyaşardıcı qazdan istifadə etməsini Kiyev şəhəri Baş polis idarəsinin rəisi Andrey Krişşenko da təsdiqləyib. “112 Ukraina” telekanalına açıqlamasında o deyib ki, göstərilən müqavimət nəzərə alınarsa, polis qanun çərçivəsində davranıb. Üstəlik, bu zaman bir ya iki polis kiçik qaz balonundan istifadə edib. Baş polisin sözlərinə görə, toqquşmaya əslində polisin 80 ədəd qalxanının oğurlanması olub. Belə ki, mitinqçilər xüsusi təyinatlılara məxsus 80 qalxanı qanunsuz olaraq mənimsəyib və qaytarmaq istəmir. O deyib ki, məsələ ilə bağlı cinayət işi açılıb.
Xatırladaq ki, çərşənbə axşamı Kiyevdə ikinci “Maydan hərəkatı” başlayıb. Ali Rada qarşısında toplaşan mitinqçilər deputat toxunulmazlığının ləğv olunmasını, seçki qanunvericiliyində dəyişikliklər edilməsini və Antikorrupsiya məhkəməsinin yaradılmasını tələb edir. Bir neçə siyasi partiyanın qoşulduğu aksiya iştirakçıları günün sonunda Rada qarşısında çadırlar quraraq, tələbləri yerinə yetirilməyincə buranı tərk etməyəcəklərini bildirib.