Akif Nəsirli: “İstixanaların rentabelliyi onun bazarından asılıdır, hazırda istixanalar qeyri-rentabelli şəkildə çalışır”
Azərbaycanda istixanaların sayı azalır. Buna səbəb artan xərclər və xarici bazarda rəqabətin yüksəlməsidir. Yerli sahibkarlar ənənəvi Rusiya bazarında Türkmənistan təhlükəsi ilə üzləşiblər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib.
Həmin istixanalarda 224,9 min ton pomidor, 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55,0 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton bibər və sair meyvə və tərəvəz istehsal olunub.
Ötən il ölkədə istixanaların sayı 191 ədəd azalıb. 2023-cü ildə ölkədə 3228 vahid istixana fəaliyyət göstərib.
Görəsən, Azərbaycanda istixanalar nə dərəcədə rentabellidir? Onların sayının daha da artırılmasına nə mane olur? İstixana işlədənlərin əsas problemləri nədir?
“İstixana təsərrüfatı əldən-ələ keçməyə başladı, bunun ardınca Rusiyaya ixracat çətinləşdi və vəziyyət daha da pisləşdi”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 7-8 il öncə istixanalar sürətlə artırdı. Həmin istixanaların məhsulu isə Rusiyaya ixrac edilirdi: “Ölkənin əsasən şimal zonasında qaz kəsildi və digər müxtəlif səbəblərlə istixanaların məhsulları məhv edildi. Istixana təsərrüfatı ilə məşğul olan fermerlər zərərə uğradı. Şəmkir, Tovuz, Qazaxda istixanalar kütləvi şəkildə sıradan çıxarıldı. Ziyana düşən istixana rəhbərləri həmin yerləri satışa çıxartdı və ya həmin yerdə başqa işlər gördü. Nəticədə ölkədə istixanaların sayı kəskin şəkildə azaldı. Beləliklə, istixana təsərrüfatı əldən-ələ keçməyə başladı. Bunun ardınca Rusiyaya ixracat çətinləşdi və vəziyyət daha da pisləşdi. Demək olar ki, biz Rusiya bazarını itirmişik. Ancaq digər bazarlara çıxa bilərik. Lakin bizim istixanaların yetişdirdiyi məhsulun keyfiyyət standartı Avropa bazarını təmin edə bilmir. Təəssüf ki, biz hələ istixanalarda standartlara cavab verən orqanik məhsul yetişdirə bilmirik. Bu səbəbdən də ixracatda Rusiya bazarını hədəfləyirik. Onu da deyim ki, istixanaların rentabelliyi onun bazarından asılıdır. Hazırda istixanalar qeyri-rentabelli şəkildə çalışır. Bu sahəyə dəstək olunmazsa istixanaların sayı daha da kiçilə bilər”.
Günel CƏLİLOVA