Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Açıqlanan statistik məlumatlara əsasən, Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artıb.
Qeyd edək ki, Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin (bədxassəli şişlərlə) ötənilki sayı 2018-ci ildəki 48 685 göstəricisindən 52 718-ə yüksəlib. 2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub. 2019-cu ildə ölkədə 12 107 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say 2018-ci ildə 11 123, 2005-ci ildə 6 277 olub.
2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say artaraq 113,3-ə, 2019-cu ildə 122,2-yə yüksəlib.
Onu da bildirək ki, onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.
“Ərzaq və dərman təhlükəsizliyinin, içməli suyun...”
Onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayının nə səbəbdən artdığını öyrənmək məqsədilə professor, tibbi ekspert Adil Qeybullaya müraciət etdik. O bildirdi ki, Azərbaycanda onkoloji xəstəliklərin artması bir neçə faktorla bağlıdır: “Xəstəliyin artmasının əsas səbəblərindən biri ekoloji vəziyyətdir. Eyni zamanda, ərzaq və dərman təhlükəsizliyinin, içməli suyun ürəkaçan olmaması da xəstəliyin artımına təsir edir. Həmçinin, ərzaq təhlükəsizliyi, dərman təhlükəsizliyi, içməli su təhlükəsizliyi ilə bağlı konsepsiyalar hazırlanmalıdır. Bunlar milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Əhali arasında xəstəliklə bağlı geniş maarifləndirmə aparılmalıdır”.
Professor onu da əlavə etdi ki, insanların həyat tərzinə fikir vermələri də olduqca önəmli faktordur: "İdmanla məşğul olmamaq, həddindən artıq qida qəbul etmək, artıq çəki problemi, metobolik sindromlar bəzi xəstəliklərə səbəb olur. Belə həyat tərzi onkoloji və xroniki xəstəliklərin inkişafı üçün bir fondur. Hesab edirəm ki, qida və dərman təhlükəsizliyi konsepsiyamız formal xarakter daşımalı deyil”.
Günel CƏLİLOVA