24/04/2019 02:35
728 x 90

Paşinyanın AŞPA-da yeni Qarabağ saxtakarlığı – “Heydər Əliyev Robert Köçəryanla “DQR” prezidenti kimi dialoq aparıb” (?)

Saxtakar baş nazirin ölkəsini “Avropa dövləti” adlandıran AŞPA baş katibinin (maddi) marağı...

img

Məlumdur ki, aprelin 11-də Ermənistanın baş naziri Paşinyan Strasburqda AŞPA sessiyasında çıxış edib və təbii ki, çıxışını əsasən Ermənistanın faktiki müharibə siyasətinə sülhsevər don geyindirmək cəhdinə və Qarabağ danışıqlarına həsr edib. Əslində, AŞPA deputatlarına məlum olan bir sıra reallıqları o qədər təhrif edib ki, buna sadəcə olaraq AŞPA deputatlarını təhqir etmək, ələ salmaq demək doğru olardı.

Məsələn, o deyib ki, hazırda bütün səylərimiz ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanla qondarma “DQR” arasında dialoqu bərpa etməyə yönəlib. Paşinyan məsələni elə qələmə verməyə çalışıb ki, guya nə vaxtlarsa Azərbaycanla qondarma separatçı rejim arasında dialoq gedib və sonra dayandırılıb. Özünün təhrif olunmuş xəbərini belə bir yalan məntiqlə əsaslandırmağa çalışıb ki, guya Heydər Əliyev vaxtilə Köçəryan “DQR” prezidenti olanda onunla görüşüb və dialoq aparıb.

Bəs həqiqət və real tarix nə deyir? Reallıq budur ki, Heydər Əliyev prezident olanda özünü qondarma separatçı rejimin prezidenti sayan Robert Köçəryan adlı şəxslə heç vaxt görüşməyib və danışıq aparmayıb. Dəqiq desək, Heydər Əliyev R.Köçəryanla yalnız və yalnız Ermənistanın prezidenti postunu faktiki tutan şəxs kimi görüşüb və danışıqlar aparıb.

Bu tarixi faktlara və onun həyasızcasına saxtalaşdırılmasına diqqət vermək, ilk növbədə, AŞPA-nın baş katibi Torboyn Yaqland cənablarına lazımdır. Çünki bu cənab elə Paşinyanla görüşdə hansı maraqlara (?) görəsə Ermənistanın “Avropa tarixinə və dəyərlərinə” söykənən guya bir Avropa dövlətinə çevrildiyini deyib...

Burda deyərlər “afərin erməni diplomatiyasının satınalma məharətlərinə!” Cəmi bir həftə əvvəl Paşinyan medianı təqib etmək barədə təhlükəsizlik nazirinə tapşırıq verir, cənab Yaqland isə belə baş nazirin ölkəsini “Avropa dövləti” adlandırır. Qaraya bu qədər ağ deməyi bacaran AŞPA baş katibi yəqin ki, Azərbaycanın guya nə vaxtsa separatçı “DQR” rejimi ilə dialoq apardığı barədə yalana əhəmiyyət verməyəcək. Çünki əsl həqiqət onun maraqlarına uyğun deyil.

Aydın məsələdir ki, Paşinyan mahiyyətli Qarabağ danışıqlarına başlamaqdan hər vasitə ilə yayınır və qondarma rejimin danışıqlarda tərəf  kimi iştirak məsələsini gündəmdən çıxarmaq istəmir. AŞPA-da uydurduğu yalan da o məqsədə xidmət edir ki, Qarabağ danışıqlarını uzatsın. Belə bir xəstə və yanlış məntiqə əl atır ki, guya Heydər Əliyev nə vaxtsa qondarma “DQR” prezidenti kimi R.Köçəryanla danışıq aparıbsa, bu gün də Prezident İlham Əliyev “uydurma “DQR”in prezidenti” ilə dialoq apara bilər...

Tahir TAĞIYEV

Son xəbərlər