Azərbaycan və bütün Xəzər regionu energetika sahəsində Avropanın mühüm tərəfdaşlarıdır. “Trend”in məlumatına görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən VII Beynəlxalq "Caspian Energy 2018" forumunun iştirakçılarına videomüraciətində deyib.
M.Şefçoviç qeyd edib ki, Azərbaycan Avropaya enerji resurslarını şaxələndirməyə və regional geosiyasi balansı yaxşılaşdırmağa imkan verən "Cənub Qaz Dəhlizi"nin əsas iştirakçısıdır.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq: "2020-ci ildə Azərbaycan qazının ilk həcmləri Avropaya çatacaq. Bu, həm dövlətlərin, həm də iştirakçı ölkələrin özəl sektorlarının siyasi və iqtisadi səylərinin kulminasiyası adlandırıla biləcək tarixi hadisə olacaq. Qaz Avropa ölkələrinə yalnız öz energetika hədəflərinə çatmağa kömək etməyəcək, eləcə də Avropa İttifaqına daxil olmayan ölkələr bundan faydalanacaq".
M.Şefçoviçin fikrincə, bundan başqa, "Cənub Qaz Dəhlizi"nin uğurlarından alternativ enerji, ekologiya və digər sahələrdə əməkdaşlıq üçün də yararlanmaq olar.
"Cənub Qaz Dəhlizi" layihəsi perspektivdə Balkan ölkələrinin təbii qaz tələbatının təqribən 40-50 faizini təmin edə biləcək. Bunu isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov VII Beynəlxalq "Caspian Energy 2018" forumunda bəyan edib.
Nazir bildirib: "Layihənin strateji əhəmiyyətindən danışarkən qeyd etmək lazımdır ki, "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi baxımından həssas region olan Şərqi Avropaya yönəlib. Layihə Bolqarıstan və Yunanıstanın qaza olan tələbatının 30-35 faizini və ilkin mərhələdə İtaliyanın ümumi tələbatının təqribən 10 faizini təmin edə biləcək, ikinci mərhələdə isə bu ölkələr üçün qaz qovşağına çevriləcək. İnterkonnektorların köməyi ilə layihə Balkan ölkələrinin tələbatının təqribən 40-50 faizini təmin edə biləcək".
P.Şahbazov vurğulayıb ki, gələcəkdə "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz tədarükü həcmləri artırıla bilər: "Layihənin buraxılış qabiliyyəti vahid həcmlə məhdudlaşmır. Gələcəkdə bu layihə ilə qaz yalnız "Şahdəniz-2"dən deyil, digər yataqlardan da ixrac oluna bilər".