“Volodimir Zelenski kimi siyasi xadimlərin iştirak etdiyi Avropa siyasi sammiti Ermənistanın xarici siyasətindəki qeyri-bərabərliyi daha da qabarda və belə bir kursun potensial mənfi iqtisadi və təhlükəsizlik nəticələri ilə bağlı narahatlıqları dərinləşdirə bilər”. Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
Oskanyan qeyd edib ki, Nikol Paşinyan baş nazir vəzifəsinə 2018-ci ildə İrəvanda keçirilən yüksək səviyyəli “Frankofoniya” sammitinə ev sahibliyi etməklə başlayıb və onu Avropa Siyasi Birliyinin sammiti ilə başa vura bilər.
“Paşinyan üçün xarici siyasət heç vaxt dövlət maraqlarını qorumaq üçün bir vasitə olmayıb. Onun düşünülməmiş, sərt və mənasız xarici siyasət manifestləri yalnız daxili diqqəti cəlb etməyə xidmət edib. Nəticədə, Ermənistanın həssas mövqeyi nəzərə alınmaqla balanslı və düşünülmüş siyasət yürütmək əvəzinə, Paşinyan özünü "Ermənistanı Avropaya doğru aparır" elan edib.
Lakin bir neçə il əvvəl bu səthi "proqrama" inananlar olsa da, bu gün artıq aydındır ki, Ermənistan Avropaya daha da yaxınlaşmayıb; əksinə, geosiyasi qarşıdurma meydanına çevrilib. Bu qarşıdurmada Ermənistanın heç bir üstünlüyü yoxdur. Yeganə üstünlük hökumətdədir, o, anti-Rusiya gündəliyi müqabilində anti-demokratik hərəkətləri ilə bağlı Avropanın susqunluğunu təmin etməyə ümid edir.
Hər bir Ermənistan vətəndaşı üçün getdikcə daha aydın olur ki, sammitdən cəmi bir ay sonra Paşinyana verilən hər bir səs Ermənistanın təhlükəsizliyinə və iqtisadi dayanıqlığına zərər verə bilər", - deyə Oskanyan vurğulayıb.
İradə SARIYEVA