ABŞ-ın dəniz blokadası və iqtisadi təzyiqlər altında ağır günlər keçirən İran nüvə proqramı məsələsində geri addım atıb. “Al Jazeera” və “Al Arabiya” mənbələrindən sızdırılan məlumata görə, İran ABŞ-la danışıqlarda əvvəlki şərtlərinin bəzilərini yumşaldaraq nüvə proqramını danışıqlara daxil etməyə razılaşıb.
İranın Pakistanın vasitəsilə ABŞ-a təqdim etdiyi son sülh təklifi ilə bağlı yeni detallar əldə edən mənbələr bildirir ki, üç mərhələli planın mərkəzində regiondakı bütün aktyorları əhatə edən "təhlükəsizlik qalxanı" və Hörmüz boğazının qlobal trafik üçün yenidən açılması yer alır.
İran tərəfindən irəli sürülən təklifin ən vacib halqasını 30 günlük təqvim təşkil edir. Təklifin birinci mərhələsində, mövcud atəşkəsin maksimum bir ay ərzində müharibənin tam dayandırılması sazişinə çevirməsi hədəflənir. Bu proses getdiyi müddətdə Tehran və Vaşinqton arasında "hücum etməmək öhdəliyi"nin imzalanması nəzərdə tutulur. Verilən zəmanətin İranın bölgədəki müttəfiqlərini və İsraili də əhatə etməsi təklif edilir.
Plana əsasən, ABŞ qüvvələri İranın dəniz sərhədlərindən çəkiləcək, Hörmüz boğazı və İran limanları isə eyni vaxtda və tədricən yenidən açılacaq.
Tehran administrasiyasının nüvə infrastrukturunu qorumaq şərti ilə zənginləşdirmə fəaliyyətlərində əhəmiyyətli güzəştlərə getməyə hazır olduğu iddia edilir. İkinci mərhələnin bir hissəsi kimi təqdim edilən nüvə planına aşağıdakı məqamlar daxildir:
- Uranın zənginləşdirilməsi səviyyəsi 3,5 faiz səviyyəsində sabitləşdiriləcək və mövcud ehtiyatlar tədricən azaldılacaq.
- Zənginləşdirmə əməliyyatlarının 15 ilə qədər tamamilə dondurulması ehtimalı müzakirəyə çıxarılır.
- Yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının xaricə daşınması və ya zənginləşdirmə səviyyəsinin azaldılması arasında seçim edilməsi təklif edilir.
İran həmçinin dondurulmuş vəsaitlərin sərbəst buraxılmasını və sanksiyaların ləğvini təmin edəcək aydın bir mexanizmin yaradılması şərtini irəli sürür.
Planın üçüncü və son mərhələsində isə Tehran təkcə ABŞ-la deyil, həm də ərəb dünyası və regional qonşuları ilə masaya oturmağı planlaşdırır. Məqsəd bütün regionu əhatə edən ortaq təhlükəsizlik sisteminin qurulmasına yönəlmiş strateji dialoq prosesinə başlamaqdır.
Tahir TAĞIYEV