Əli Orucov: “Düşünmürəm ki, mühafizəkar dini dairələr belə dələduzların cəzalandırılmasına imkan versinlər”
İranın müdafiə naziri Əziz Nəsirzadə Azərbaycana səfəri zamanı İlham Əliyevə son təhlükəsizlik xəbərdarlıqlarını çatdırıb. Bu barədə iranlı “politoloq” Şuaib Bəhmən sosial mediada yazıb.
Daha sonra o, bunları əlavə edib: “O, həmçinin Bakı liderlərini hər hansı bir təxribat və ya düşmənlərlə əməkdaşlıq barədə xəbərdar edib”.
Məgər belə bir şey olub? Bu dərəcədə uydurma fikirlə çıxış etməklə kimi aldatmaq istəyirlər? İranın müdafiə naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri zamanı ümumiyyətlə, belə bir xəbərdarlıqdan söhbət belə getməyib. Üstəlik, onda belə bir cəsarət də ola bilməz. Əslində İran hakimiyyəti belə provokatorları, dələduzları cəzalandırmalıdır ki, bu cür ikrah doğuran şərhlərlə dövlətlərarası münasibətlərə ayrı-seçkilik, inamsızlıq qatılmasın. Həmin “politoloq” açıq aşkar pozuculuqla məşğuldur. Azərbaycan-İran münasibətlərinə olmayan gərginliyi gətirmək istəyir. Ona görə də belə ekspertlər iki ölkə münasibətlərini gərginləşdirdiyinə görə, İran hakimiyyəti tərəfindən cəzalandırılmalıdır ya yox?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, belələri nəinki cəzalandırılmalı, onlara heç tribuna belə verilməməlidir: “Çünki bunlar bilavasitə təxribatla, iki ölkə münasibətlərini pozmaqla məşğuldurlar. Onsuz da müstəqillikdən üzü bəri Azərbaycan-İran münasibətləri həssas xarakterli olub. Zaman-zaman İranın mühafizəkar dini dairələrinə bağlı olan mətbuat orqanları Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Deməzdim ki, bu hansısa media orqanının öz fəaliyyətidir. Qətiyyən belə deyil. Bu, məqsədyönlü şəkildə İranda dini dairələrin yeritdiyi siyasətin göstəricisidir. Məlum olduğu kimi, Vətən müharibəsindən sonra İran-Azərbaycan münasibətləri gərgin idi. Molla rejimi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini, yaranan yeni reallıqları həzm edə bilmirdi. 2024-cü ildə Pezeşkian prezident seçiləndən sonra münasibətlər xeyli düzəldi. İran prezidenti Xankəndində keçirilən beynəlxalq tədbirdə iştirak etdi və s. Başqa bir tərəfdən Azərbaycan heç vaxt İrana qarşı böyük güclərin plasdarmı rolunda çıxış etməyib. Nə dünən, nə də bu gün. Bunu İrandakı dini dairələr bilə-bilə belə təxribat xarakterli məlumatlar yayırlar. O üzdən, düşünmürəm ki, mühafizəkar dini dairələr belə dələduzların cəzalandırılmasına imkan versinlər. Çünki bunların arxasında radikal mühafizəkar qanad dayanır. Biz nəzərə almalıyıq ki, İran prezidentinin siyasi məsələlərdə səlahiyyətləri məhduddur. Bu kimi məsələlərdə əsas söz sahibi Ali Dini liderdir”.
Vidadi ORDAHALLI