Ramil Məmmədli: “Bu, onu göstərir ki, Aİ missiyası müəyyən çətir altında kəşfiyyat fəaliyyətini davam etdirəcək”
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra missiya artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcək, çünki buna ehtiyac olmayacaq.
Vaşinqtonda paraflanmış sazişdə üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməsini qadağan edən bəndin olması barədə sualı cavablandıran Ritter bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra sərhəddə missiyanı yerinə yetirməyə ehtiyac qalmayacaq: “Bizə sərhəddə ehtiyac olmayacaq, lakin sərhədyanı yaşayış məntəqələrini ziyarət etməyə davam edəcəyik. İşimizin davam etdirilməsi, sərhədyanı yaşayış məntəqələrinə səfərlərin edilməsi barədə qarşılıqlı razılaşma var”.
Aİ missiya rəhbəri bir tərəfdən deyir missiya artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcək, o biri tərəfdən deyir sərhədyanı yaşayış məntəqələrini ziyarət edəcəyik. Nə deməkdir bu?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bu, o deməkdir ki, Aİ missiyası Ermənistanda mövcudluğuna son qoymayacaq: “Yəni Aİ-nin Ermənistandakı müşahidə missiyasının müəyyən qədər forması dəyişiləcək, məzmun isə olduğu kimi qalacaq. Onsuz da bu missiyanın Ermənistanda fəaliyyət göstərməsinin əsl məqsədi iki ölkə arasında sülhü təmin etmək yox, regionda kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqdır. Belə olmasaydı missiya üzvləri keçmiş hərbçilərdən və kəşfiyyatçılardan ibarət olmazdı. Onsuz da yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivi yüksəkdir. Sülh sazişi olmadan Azərbaycan üzərindən Ermənistana tranzit yüklər daşınırsa, bu ölkəyə yanacaq ixrac edilirsə, deməli, sülh sazişi çox yaxındadır. Yaxşı sülh sazişi imzalanacaqsa, o zaman Aİ missiyası üzvlərinin sərhədyanı yaşayış məntəqələrinə səfərlər etməsinə nə ehtiyac var? Bu, onu göstərir ki, Aİ missiyası müəyyən çətir altında kəşfiyyat fəaliyyətini davam etdirəcək. Azərbaycan, İran və Rusiya barədə kəşfiyyat məlumatları toplayacaqlar. Gələcəkdə aparıcı Avropa İttifaqı dövlətlərinin Ermənistanda hərbi mövcudluğu üçün zəmin formalaşdıracaqlar. Əsil məqsəd budur”.
Vidadi ORDAHALLI