Elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq olduqca vacibdir. Bu sahələrdə əlaqələrin gücləndirilməsi xalqlarımızın, xüsusən gənclərimizin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bugünkü görüşümüzdə, əlbəttə ki, parlamentlərimiz arasında əlaqələri də müzakirə etdik. Parlament üzvlərimizin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladıq. Digər tərəfdən, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək də böyük əhəmiyyətə malikdir. Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Xanım Armenqolun səfəri də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq edir”, - deyə Sahibə Qafarova qeyd edib.