Xaqani Cəfərli: “Azərbaycan Sülh Şurasının daha üstün üzvü olacaq”
Ermənistan Sülh Şurasının Nizamnaməsini ödənişsiz əsasda imzalayıb. Aysor.am-ın yaydığı məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar üzvlük haqqının ödənilməsinin lazım olduğuna dair müzakirələrə cavab olaraq bildirib.
“Sülh Şurasının Nizamnaməsi Şuraya könüllü maliyyə yardımları əsasında üzvlüyü nəzərdə tutur. ABŞ Prezidenti Tramp tərəfindən dəvət edilən ölkə Şuraya üç ilə qədər müddətə aydın şəkildə müəyyən edilmiş üzvlük haqqı olmadan qoşula bilər və bu müddət bitdikdən sonra müəyyən edilmiş prosedura uyğun olaraq yenidən baxıla bilər”, - o qeyd edib.
Badalyanın sözlərinə görə, Ermənistan hökuməti bu əsaslarla Sülh Şurasına üzvlüyü təsdiqləyib.
XİN rəsmisi vurğulayıb ki, üzvlük haqqı könüllüdür və hər hansı bir ölkənin Nizamnaməsi qüvvəyə mindikdən sonra bir il ərzində daimi üzv olmaq istəyini bildirməsi halında tətbiq olunur.
Trampın “Sülh Şurasında” Ermənistanla Azərbaycana fərq qoyulacaq?...
“Qəzzada həyata keçiriləcək tikinti-quruculuq zamanı üzlük haqqı ödəmiş ölkələr...”
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdiyinə görə, Ermənistan Sülh Şurasının nizamnaməsini ödənişsiz əsasla imzalayıb ki, buna daimi üzvlük istəməyən ölkəlkər üçün nəzərdə tutulmuş qaydalar imkan verir. “Bir milyard dollar ödəyən ölkələr isə Sülh Şurasında daimi üzv olacaqlar. Bu mənada Azərbaycan Sülh Şurasının daha üstün üzvü olacaq. Qənaətimcə Sülh Şurasının qərarlarının icrasına üzlük haqqı ödəyən ölkələr daha çox təsir etmək imkanları olacaq. Məsələn, Qəzzada həyata keçiriləcək tikinti-quruculuq zamanı üzlük haqqı ödəmiş ölkələr daha çox imkanlara malik olacaqlar. Qənaətimcə belə olacaq. “Musiqini haqqını ödəyən sifariş verir” fikiri beynəlxalq münasibətlərdə də keçərlidir”-deyə X.Cəfərli bildirdi.
İradə SARIYEVA