Əli Orucov: “Molla rejimi üzdə öz sifətini qorumaqdan ötrü belə açıqlama verir”
İran həbs edilən etirazçıların edamlarının dayandırılmayacağını açıqlayıb. Tehran prokuroru Əli Salehi yanvarın 17-də ABŞ prezidentinin 800 edamın dayandırılması haqqında bəyanatını “boş və mənasız danışıq” adlandırıb.
Onun sözlərinə görə, etirazçıların çoxu haqqında ittiham aktları hazırlanaraq, məhkəməyə verilib.
Tramp yanvarın 14-də İranda edamların dayandırıldığına görə, Tehrana qarşı sərt addıma hələlik getməyəcəyini bildirib. Yanvarın 16-da isə Tramp edamların ləğvinə görə İran rəhbərliyinə təşəkkür etmişdi. Bir gün sonra çıxış edən İranın ali dini lideri Əli Xamenei isə ölkəsini müharibəyə cəlb etmək niyyətində olmadığını, amma “daxili cinayətkarlar”a güzəşt edilməyəcəyini bildirib. Bunun ardınca isə Tramp İranın yeni liderə ehtiyacı olduğunu açıqlayıb.
Maraqlıdır, belə açıqlamadan sonra ABŞ-ın İran siyasətində nə baş verəcək?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, burada bir neçə variant ola bilər: “Ola bilsin ki, İranda molla rejimi üzdə öz sifətini qorumaqdan ötrü belə açıqlama verir. Ehtimal ki, pərdəarxası Birləşmiş Ştatlara hansısa vəd verilib. Bir şeyi nəzərə almaq lazımdır ki, Tehranla Vaşinqton arasında siyasi münasibətlər nə qədər kəskin formada olduğu təəssüratı yaratsa da, reallıq bir qədər fərqlidir. Tərəflər arasında gizli danışıqlar hər zaman olub və bu, kritik məqamlarda öz sözünü deyib. Məsələn, ötən əsrin 80-ci illərində İran-İraq müharibəsinin qızğın vaxtında ABŞ İrana silah ötürürdü. Digər tərəfdən, bu dəfə İranın ABŞ zərbələrindən yayınması o demək deyil ki, problem öz həllini tapdı. İranda vəziyyət kifayət qədər mürəkkəbdir. Əgər bundan sonra molla rejimi gərəkən addımlar atmasa, sosial sifarişlə bağlı üzərinə düşənləri yerinə yetirməsə, o zaman ölkədə baş qaldıran etirazların qarşısını kimsə ala bilməyəcək. O cümlədən, ABŞ-ın müdaxiləsi üçün zəmin formalaşa bilər. Xüsusən də edamların miqyası genişlənərsə, bu, cəmiyyətdə böyük hiddət doğuracaq. Bir sözlə, ABŞ müdaxiləsinin təxirə salınması hər şeyin bitdiyi anlamına gəlmir”.
Vidadi ORDAHALLI