Ramil Hüseynov: “Ehtimal ki, sülh sazişi müqabilində ABŞ maliyyə yardımı, sərmayə qoyuluşu vədi verib”
Məlum olduğu kimi, bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Həmçinin ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.
Necə deyərlər, 8 avqust razılaşmasından sonra ABŞ Ermənistanda, daha doğrusu Zəngəzur dəhlizinə (Tramp yolu) sərmayə qoyuluşuna prinsipcə razılıq verdi. Bu günlərdə ABŞ Zəngəzur dəhlizinin (Tramp yolu) tikintisi ilə əlaqədar Ermənistana 145 milyon dollar vəsait ayırıb. Dəhlizin açılması, sözsüz, Azərbaycanın marağındadır, amma ABŞ-ın ayırdığı bu sərmayə Ermənistana aiddir. Çünki dəhliz bu ölkənin ərazisindən keçir. Belə olan halda istər-istəməz sual yaranır: bəs 8 avqustdan sonra ABŞ-ın Azərbaycana birbaşa investisiyalarının yolu nə qədər açıqdır və bu istiqamətdə konkret addımlar nə zaman görünəcək? Artıq Zəngəzur dəhlizinə sərmayələrin yatırılması ilə bağlı Ermənistanla danışıqlar başlayıb. Lakin Azərbaycana da sərmayələrin gəlişinə böyük ehtiyac var, özü də qeyri-neft sektoruna. Xüsusilə işğaldan azad edilən rayonlarda bərpa olunan enerji sahələrinin yaradılmasına, müəyyən hidroqovşaqların qurulmasina, bu kimi iqtisadi sahələrə ABŞ investisiyası nə zaman gələcək?
“Təcavüzə məruz qalan, yaşayış məntəqələri məhv edilən tərəf Azərbaycan olub”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, sülh sazişi imzalanandan sonra ABŞ sərmayəsinin Azərbaycana gələcəyi gözlənilir: “Çox güman ki, Vaşinqton görüşündə ABŞ-ın sülh müqabilində Azərbaycana nə təklif edəcəyi müzakirə edilib. Çünki təcavüzə məruz qalan, yaşayış məntəqələri məhv edilən tərəf Azərbaycan olub. İşğaldan azad edilən ərazilərin bərpa edilməsinə on milyardlarla vəsait lazımdır. Azərbaycanın təkbaşına bu yükün altına girməsi çətin məsələdir. Adətən belə hallarda donor təşkilatlar yardım edir. Beş ildir müharibə bitib, amma Azərbaycana bərpa işləri ilə bağlı yardım edilmir. Artıq Tramp administrasiyası 907-ci düzəlişin dondurulmasına razılıq verib. Bir məqamı nəzərə almaq lazımdır ki, bədnam 907-ci düzəliş illərlə Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımı etməsinə böyük maneə olub. Ehtimal ki, sülh sazişi müqabilində ABŞ maliyyə yardımı, sərmayə qoyuluşu vədi verib. Bu, işğaldan azad ərazilər də ola bilər, digər regionlar da. Sadəcə, Ermənistana tez bir zamanda 145 milyon dollar ona görə ayırdılar ki, bu ölkənin iqtisadi imkanları məhduddur. Üstəlik, Rusiyanın orada təsir imkanları genişdir. Bu səbəbdən ABŞ çalışır ki, Ermənistanda möhkəmlənsin. Azərbaycana gəldikdə isə, bu problemlər yoxdur. Fikirləşirlər ki, Azərbaycan neft ölkəsidir, Rusiya hərbi bazaları mövcud deyil və s. Ona görə də ölkəmizə sərmayə qoyuluşunu əsasən sülh sazişindən sonrakı dövrə hesablayırlar”.
Vidadi ORDAHALLI