Moskvanın Suriyada təsiri sürətlə zəifləyir. İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat hesabatına görə, Rusiyanın Şərqi Aralıq dənizindəki ən mühüm hərbi məntəqələrindən biri olan Tartus dəniz bazasında böyük təxliyə əməliyyatı keçirilib.
Yanvarın 28 və 29-da SPARTA II və SPARTA adlı Rusiyanın iki yük gəmisi dörd hərbi donanma gəmisinin mühafizəsi altında Tartusdan ayrılıb. Gəmilərlə çıxarılan hərbi texnika və şəxsi heyətin hələlik bilinməyən alternativ bölgələrə daşındığı bildirilir.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya hazırda həm Suriyada yeni administrasiya, həm də Heyət Tahrir el-Şamla (HTŞ) danışıqlar aparır. Lakin Moskvanın Əsədi himayə etmək səyləri tərəflər arasında danışıqları dalana dirəyib.
Rusiyanın hələ də özünü Suriyada əsas aktor kimi göstərməyə çalışmasına baxmayaraq, Ukrayna müharibəsi səbəbindən bölgədəki təsirini itirmək risqi ilə üzləşib.
Moskvanın Şərqi Aralıq dənizindəki hərbi mövcudluğu onun həm Yaxın Şərq, həm də Afrikadakı strateji maraqları üçün həyati əhəmiyyət kəsb edir. Ancaq Rusiyanın bütün diqqətini Ukraynadakı müharibəyə yönəltməsi bu bölgədəki hərbi mövqelərini ciddi şəkildə zəiflədib. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Suriyadakı hadisələrə tam nəzarət edə bilməməsi onun Əsəd rejimini ayaqda saxlamaq imkanlarını da əhəmiyyətli dərəcədə azaltmışdı.
Üsyançı qruplar 2024-cü ilin dekabrında Dəməşqi ələ keçirdikdən sonra Bəşər Əsəd Moskvaya sığınmağa məcbur oldu. Suriyanın yeni administrasiyası isə Əsədin Rusiya tərəfindən ekstradisiyasını tələb edir. Kremlin Suriyadakı mövcudluğunu saxlamaq üçün diplomatik manevrləri isə hələlik nəticəsiz qalıb, danışıqlar faktiki olaraq dalana dirənib.
TAHİR