Fransa prezidenti Emmanuel Makronun adı növbəti dəfə böyük korrupsiya qalmaqalında hallanır.
Türkiyənin tanınmış nəşrlərindən olan “Turkiye gazetesi” və Observer Online-ın açıqladığı sənədlərə görə, Fransa Prezidentinin Mühafizə Xidmətinin rəhbəri Aleksandr Benalla və Fransanın “Saur” şirkətinin Azərbaycanda istintaq altında olan vitse-prezidenti Anass Derrazın milyarderlərin aktivlərinə qarşı sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət aldıqları üzə çıxıb.
Sənədlərə görə, 2018-ci ildə Fransa rəsmiləri Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovdan rüşvət tələb ediblər. Bunun müqabilində onlar Əhmədovun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad edilməsini təmin edəcəklərini vəd ediblər.
Əhmədov milyonlarla dollarlıq bu rüşvətin bir hissəsini Aleksandr Benallanın BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR-dakı hesabına və Anass Derrazın AL HILAL BANK-dakı hesabına köçürüb.
Qəzet diplomatik mənbələrə istinadən xəbər verir ki, Azərbaycan təhlükəsizlik qüvvələrinin başlatdığı istintaq nəticəsində Anass Derraz həbs edilib və hazırda ev dustaqlığında olduğu bildirilir. Lakin buna baxmayaraq, Fransa onu böyük su və kanalizasiya layihələri ilə məşğul olan beynəlxalq “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlməklə mükafatlandırıb. Aleksandr Benalla isə beynəlxalq axtarışa verilib.
Səlahiyyətlilərə görə, Fransa qalmaqalı ört-basdır etməyə çalışıb, lakin Azərbaycan korrupsiyanı ifşa etməkdə qərarlı olduğunu ortaya qoyub.
Qeyd edilir ki, Fransa hakimiyyəti təkcə bu cinayət işindən deyil, beynəlxalq sanksiyalar altında olan şəxslərin rüşvət şəbəkəsinin ifşa olunmasından da çox narahatdır.
Bildirilir ki, Fransanın Azərbaycandakı səfirliyi çoxsaylı cəhdlərə baxmayaraq Anass Derrazı qoruya bilmir. Sənədlər Əhmədov, Benalla və Derraz arasında bağlanmış məxfi razılaşmaları açıq-aşkar üzə çıxarır.
Qalmaqalın başlaması ilə Makron administrasiyası çətin günlər yaşamağa başlayıb. Fransadakı müxalifət partiyaları hökumətin bu çirkin işlərdən xəbərdar olub-olmadığını sorğulayır. İctimaiyyət arasında isə Makron hakimiyyətinin korrupsiyanın kölgəsində qalması ilə bağlı müzakirələr gedir.
Tahir TAĞIYEV