ABŞ Konqresində Vaşinqtonun terror təşkilatlarını maliyyələşdirməsi ilə bağlı dinləmələrdə şok etiraflar edilib.
ABŞ Nümayəndələr Palatasının üzvü Skott Perri Konqresin iclasında ABŞ-ın “İŞİD”, “Əl-Qaidə”, “Boko Haram”, “İŞİD Xorasan” və terrorçuların təlim düşərgələrinə milyonlarla dollar köçürdüyünü iddia edib.
Prezident Donald Trampa yaxınlığı ilə tanınan Respublikaçılar Partiyasının üzvü Perri çıxışında, Amerikanın terror təşkilatlarının və təlim düşərgələrinin əsas maliyyəçisi olduğunu və keçən il bu qruplara ümumilikdə 697 milyon dollar xərcləndiyini deyib.
Perri maliyyə vəsaitlərinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə terrorçu qruplara ötürüldüyünü bildirib. O, çıxışında USAID-in Pakistanda təhsil proqramlarına 840 milyon dollar xərclədiyini deyib, buraya 120 məktəbin tikintisi üçün ayrılan 136 milyon dollar da daxildir. Bildirib ki, pulların çox böyük hissəsi yoxa çıxıb, məktəblərdən hər hansı birinin tikildiyinə dair isə heç bir sübut yoxdur.
Perri USAID-in Əfqanıstandakı vəsaitlərinə isə Talibanın nəzarət etdiyini deyib. O, qeyd edib ki, USAID-in Əfqanıstanda qadın hüquqları proqramları üçün ayırdığı milyonlarla dollar faktiki olaraq Talibanın ideologiyasını dəstəkləyən strukturlar tərəfindən idarə olunur.
O, bildirib ki, ABŞ fondları birbaşa və ya dolayısı ilə terror təşkilatlarının fəaliyyətinə dəstək verir və buna dərhal son qoyulmalıdır.
"Amerikalılar vergilərinin hara getdiyini bilməlidirlər. Terrorizmə pul ödəyirik, buna son qoyulmalıdır" - deyə Perri bildirib.
Tahir TAĞIYEV