İran prezidenti Pezeşkianın Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində Azərbaycan dilində şeiri deməsi qalmaqala səbəb olub.
Əslən azərbaycanlı olan Pezeşkian Təbrizdə qatıldığı proqramda Azərbaycan dilində şeir oxumağa hazırlaşarkən rəsmilər tərəfindən ona xəbərdarlıq edildiyini bildirib.
Pezeşkian məşhur azərbaycanlı şair, Şəhriyar kimi tanınan Məhəmmədhüseyn Behcəti Təbrizinin Azərbaycan türkcəsində “Heydər babaya salam” şeirini oxuyub.
Pezeşkian şeiri oxumazdan əvvəl Şəhriyardan Azərbaycan türkcəsində iki misra şeir oxuyacağını, lakin səlahiyyətlilərin zalda Azərbaycan dilini bilməyənlərin ola biləcəyini iddia edərək ona Azərbaycan dilində danışmaması barədə xəbərdarlıq etdiyini deyib. Ancaq buna baxmayaraq Pezeşkian bu sətirləri oxumağa başlayıb:
Heydərbaba, igid əmək itirməz, Ömür keçər, əfsus bərə bitirməz, Namərd olan ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sözləri, Görəmməsək, halal edin bizləri.
Pezeşkian şeiri oxuyarkən bir məmur onun yanına gələrək xəbərdarlıq edib. Bunun üzərinə İran prezidenti gülərək “problem yoxdur, Azərbaycan türkcəsində iki şeir oxumaqda problem olmaz” deyib.
Bundan sonra zalda olanlar Pezeşkianı alqışlayıblar.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da 2006-cı ildə Təbrizə səfəri zamanı Şəhriyarın şeirini oxumuşdu. Şeirini Azərbaycan türkcəsində oxuyan Əhmədinejadı təbrizlilər də müşayiət etmişdi.
TAHİR