15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat-kommunikasiyalar aspektləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər, eyni zamanda Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsi və Suriyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, həmçinin həmkarını hazırkı regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı ətraflı məlumatlandırıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Elə həmin gün xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Georg Georgiyevlə, Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoyla, İraqın baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynlə, Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu və Latviyanın xarici işlər naziri Baiba Braje ilə də görüşüb.
ZÜMRÜD