ABŞ-da yeni administrasiyanın son açıqlamaları ilə əvvəlki administrasiyaların başqa ölkələrin daxili işlərinə qarışması və bunun üçün media, eləcə də digər vasitələrdən istifadə etməsi açıq şəkildə etiraf olunur. Xüsusilə Bayden administrasiyası dövründə ABŞ-dan külli miqdarda maliyyə alan bu media qurumları konkret ölkələri, şəxsləri hədəfə alıb və onlar barəsində qarayaxma, böhtan kampanisyası aparıblar.
ABŞ prezidenti Donald Trampın son açıqlamaları da bunu təsdiqləyir. Tramp ABŞ-ın bəzi media qurumlarının keçmiş prezident Bayden administrasiyasından külli miqdarda pul aldığını deyib və bildirib ki, bu vəsaitlər vergi ödəyicilərinə geri qaytarılmalıdır.
Prezident Tramp bildirib ki, “Reuters”, “Politico” və “The New York Times” kimi media qurumları federal qurumlardan maliyyə dəstəyi alır və bu ödənişlər xəbər məzmununa təsir etmək məqsədi daşıyır.
Trampın bu sözlərindən bir daha aydın olur ki, dünya ictimai rəyinə təsir edən bəzi media qurumları ABŞ-ın əvvəlki administrasiyaları tərəfindən maliyyələşib və bunun qarşılığında konkret sifarişlər icra edilib. Sözügedən media qurumlarının adlarını da açıqlayan yeni ABŞ administrasiya, onlara indiyə kimi ödənən pulları sorğulamağa başlayıb.
Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) məlumatlarına toxunan Tramp deyib ki, "radikal solçu “Reuters”in "geniş miqyaslı sosial aldatma" araşdırması üçün Müdafiə Nazirliyindən 9 milyon dollar aldığı üzə çıxıb. Tramp media agentliyindən pulları dərhal geri qaytarmağı tələb edib".
“Politico”nu da hədəfə alan Tramp, qurumun niyə milyonlarla dollar aldığı barədə sual verib: "DOGE: Politico”ya niyə heç nə etmədiyi üçün milyonlarla dollar ödənib? Mətbuatı satın alırlar? Pulları vergi ödəyicilərinə geri qaytarın".
TAHİR