ABŞ prezidenti Donald Tramp dünən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdı. İki saata yaxın davam edən görüşdən sonra Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün razılığa gəldiklərini və Putinlə görüşəcəklərini açıqladı. Tramp Putinlə görüşünün Səudiyyə Ərəbistanında keçiriləcəyini və səudiyyə şahzadəsi Salmanın da görüşdə iştirak edəcəyini bildirib.
Almaniyalı politoloq Karlo Masala Trampın Avropa Birliyi ölkələrini kənarda qoyaraq Rusiya prezidenti Putinlə görüşəcəyini açıqlamasına çox sərt reaksiya verib. Trampın Ukrayna planını dəyərləndirən Masala, bu vəziyyətin fəlakət ssenarisi olduğunu ifadə edib və bildirib ki, ukraynalı və avropalıların başı üzərində danışıqlar aparılır.
Masala bildirib ki, avropalılar danışıqlar masasına oturmayacaqlar və sadəcə olaraq, nəticələri qəbul etmək məcburiyyətində qalacaqlar: "Putin yəqin ki, sevinir. Bu, onun başına gələ biləcək ən yaxşı şeydir. Avropa təhlükəsizlik qüvvələri bir neçə ildən sonra Rusiyanın Ukraynanın qalan hissəsinə yenidən hücum etməsinin qarşısını ala bilməyəcək".
Putinin bu yolla müharibəni qazanacağını bildirən Masala deyib ki, Rusiya amerikalıları bu münaqişədən çıxarmağı bacardı: “Üç ildir bu müharibə ilə bağlı strategiyamız yox idi, indi də ondan sonrakı dövr üçün strategiyamız yoxdur. Bu, böyük uğursuzluqdur".
TAHİR