ABŞ prezidenti Donald Trampın Qəzza sakinlərini bölgədən küçürmək planı dünyada böyük səs-küyə səbəb olub. Tramp Misir və İordaniyaya qəzalıları qəbul etməyi təklif edib. Lakin Misir və İordaniya Trampın təklifini rədd edir və ümumiyyətlə qazzalıların küçürülməsinə qarşı çıxırlar.
Tramp sonuncu dəfə isə Qəzza zolağından qaçqın qəbul etmədikləri təqdirdə Misir və İordaniyaya yardımı donduracağı ilə hədələyib.
Bu vəziyyət İsraillə 1979 və 1994-cü illərdə imzalanan sülh müqavilələrindən sonra iki ölkənin ABŞ-la əlaqələrində ən böyük böhran kimi dəyərləndirilir.
Misir dəfələrlə Trampın təhdidlərinə baxmayaraq, fələstinlilərin Qəzzadan çıxarılmasını dəstəkləməyəcəyini bildirib. Xarci media Misir mənbələrinə istinadən yazır ki, fələstinlilərin köçürülməsinə qarşı çıxan hökumət, yüz minlərlə fələstinlini Sinay yarımadasına köçürəcək və sonra onları ölkə daxilində və ya digər ölkələrə səpələyəcək hər hansı planı açıq şəkildə qəbul etməyəcək.
İsrail mətbuatı iki Misir təhlükəsizlik rəsmisinə istinadən yazır ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Trampın dəvətinə baxmayaraq, fələstinlilərin Qəzzadan sürgün edilməsi planı gündəmdə qalacağı təqdirdə Ağ Evə getməyəcək.
Trampın planına qarşı vahid cəbhə yaratmaq məqsədi ilə bu ayın sonunda Qahirədə keçiriləcək ərəb sammitinə hazırlıq gedir. “Haaretz” yazır ki, sammitdə ölkə liderləri Trampın yardımı kəsəcəyi təqdirdə digər ərəb ölkələrinin Misir və İordaniyaya necə iqtisadi dəstək verə biləcəklərinə dair danışıqlar aparacaqlar.
ABŞ Misir və İordaniyaya milyardlarla dollar yardım etməsi, bu dövlətləri fələstinli qaçqınları qəbul etməkdən imtina etdikləri təqdirdə, çox çətin vəziyyətə salacaq. Ancaq ərəb dünyasından gələ biləcək maliyyə dəstəyi ABŞ-ın bu ölkələrə təzyiqlərini azalda bilər. Müzakirə olunan məbləğlər, şübhəsiz ki, zəngin ərəb dövlətləri üçün münasibdir. Məsələn, Amerika Misirə 1,3 milyard dollar hərbi, 200 milyon dollar iqtisadi yardım edir. Ancaq ABŞ Misirə Birləşmiş Ştatlarda hazırlanmış qabaqcıl silahlar üçün ehtiyat hissələri və texniki xidmət göstərir.
Amerikanın İordaniyaya təzyiqi çox güman ki, daha təsirli olacaq, çünki İordaniya iqtisadi baxımdan Misirdən daha kövrəkdir. ABŞ hər il İordaniyaya 1,4 milyard dollar yardım edir ki, bu da təxminən Misirə verdiyi yardıma bərabərdir. Lakin İordaniya daha kiçik ölkə olduğundan və əhalisi daha az olduğundan, bu yardım ölkənin ümumi daxili məhsulunun daha böyük bir hissəsini təşkil edir.
TAHİR