ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Putinlə görüşündə Ukraynada müharibəni bitirmək üçün danışıqlara başlamaq qərarına gəldiklərini açıqlayıb.
Putinlə uzun və məhsuldar bir telefon danışığı olduğunu və ortaq sahələrlə bağlı bir çox mövzunu müzakirə etdiklərini bildirən Tramp, ABŞ və Rusiya arasında birgə çalışmanın hər iki ölkəyə fayda verəcəyini bildirib.
“Xüsusilə, Rusiya-Ukrayna müharibəsində milyonlarla ölümü dayandırmaq istəyirik, bir-birimizi ziyarət etmək də daxil olmaqla, çox yaxından işləmək barədə razılaşdıq. Nümayəndələrimizin müharibənin dayandırılması üçün dərhal danışıqlara başlaması ilə bağlı razılığa gəldik” - deyə Tramp “Truth Socia” sosial media platformasında bildirib.
Tramp qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda ABŞ tərəfindən dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff iştirak edəcək.
Tramp Putindən sonra Ukrayna prezidenti Zelenski ilə də telefon danışığı aparıb. O, bildirib ki, Zelenski də sülh istəyir.
Tramp-Putin görüşündən sonra Ağ Evdən diqqətçəkən açıqlama gəlib. Açıqlamada bildirilir ki, “biz Putini rəqib, bəzən də düşmən kimi görürük, lakin Tramp liderlərlə yaxşı münasibətlər qurmaq və onlarla dil tapmaq istəyir”.
Qeyd edilib ki, ABŞ hazırda Trampın Rusiyaya səfərinin mümkünlüyü və şərtləri barədə danışmağa hazır deyil.
TAHİR