Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ABŞ prezidenti Donald Trampla telefonla danışdığını və onu Moskvaya dəvət etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, söhbət saat yarım davam edib. Söhbət zamanı dövlət başçıları Ukraynada və Yaxın Şərqdəki vəziyyəti, enerji məsələlərini müzakirə ediblər. Peskov onu da deyib ki, Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarıdır.
“Söhbət zamanı Yaxın Şərq nizamlanması, İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə ikitərəfli Rusiya-Amerika münasibətləri mövzularına toxunulub”, - deyə Peskov bildirib.
Putin həmçinin Ukrayna məsələsini həll etmək üçün Rusiyada Amerika rəsmilərini qəbul etməyə hazır olduğunu açıqlayıb. Peskov qeyd edib ki, Trampla söhbətdə Putin Ukrayna münaqişəsinin köklü səbəblərinin aradan qaldırılmasından danışıb. Bundan əlavə, mətbuat katibi deyib ki, söhbət zamanı İkinci Dünya Müharibəsinin döyüş meydanlarında birgə mübarizə mövzusu da qaldırılıb.
"Dövlət başçıları Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər. ABŞ prezidenti əmin edib ki, Amerika tərəfi əldə olunan bütün razılaşmaları yerinə yetirəcək", - deyə Peskov sözlərini yekunlaşdırıb.
Surxay ƏLİYEV