Xocalı qatili Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu, “Hayastan” fraksiyasından olan deputat Levon Köçəryan spiker Alen Simonyanın Qarabağ xalqının “qalıb vuruşmalı” olması haqda dediklərini əxlaqsızlıq adlandırıb. Və jurnalistlərə söhbətində, hakimiyyətin hər dəfə “əxlaqsızlığın yeni-yeni sərhədlərini” aşdığını deyib.
Onun sözlərinə görə, hakim komanda əvvəlcə Dağlıq Qarabağ üzrə danışıqlar prosesini dalana dirədi və bu danışıqlara öz nöqteyi-nəzərindən başladığını bildirib. Vəziyyəti müharibə həddinə gətirdi, daha sonra isə Dağlıq Qarabağdan imtina etdi. İndi isə bu komandanın üzvləri blokadadan, aclıqdan bezmiş xalqı günahlandırırlar ki, onlar orada qalıb döyüşməliydilər. Baxmayaraq ki, Ermənistan hakimiyyəti özü bu münaqişəyə qarışmamaq qərarına gəlmişdi.
Ötən gün spiker Simonyan jurnalistlərlə söhbətində Qarabağdan olan bir jurnalistin Qarabağ ermənilərinin qayıtması ilə bağlı sualına çox kəskin cavab verib. O, qəzəblənərək dəfələrlə təkrarlayıb ki, qarabağlılar vuruşmalıydılar, tərk etməməliydilər. Və əlavə edib ki, Ermənistan döyüşüb və Dağlıq Qarabağa lazımi silah və dəstək verib. Daha sonra spiker öz sözlərini əsaslandırmağa çalışaraq deyib ki, o, Qarabağ ermənilərini deyil, “İrəvanın Şimal prospektindəki mənzillərinə və Ermənistandakı malikanələrinə qayıtmaq” istəyən insanları nəzərdə tutub. Spiker Simonyandan dediyi sözlərə görə ondan üzr istəməsini tələb edən “DQR” lideri Samvel Şaxramanyana isə parlamentin məktublar şöbəsi ilə əlaqə saxlamağı tövsiyə edib və bildirib ki, sualları varsa, yazsın, cavab verib-verməməyə isə o qərar verəcək.
Surxay Əliyev