Mübariz Göyüşlü: “İsrail özündə vicdan əzabı və məsuliyyət hiss edirsə, bu tələbi yerinə yetirib 100 milyard dollar təzminat ödəməlidir”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya 100 milyard dollar təzminat ödəməli olduğunu deyib.
“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, vasitə axtarmalıdır”-deyə Ərdoğan bildirib.
Ərdoğan İsrailin Qəzzaya vurduğu 100 milyard dollar zərəri ödəməli olduğunu bildirib.
Ərdoğan Qəzzanı dağıtdığına görə Natenyahudan 100 milyard dollar tələb edir. Bu nə qədər baş tutan tələbə oxşayır?
“Görünən budur ki, İsrail orda törətdiyi faciələrə, hadisələrə görə nəinki cavab verməkdə, heç təzminat ödəməkdə də maraqlı görünmür…”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə “Ərdoğanın tələbi haqsız deyil, ancaq əsas məsələ bunun necə reallaşacağıdır. Çünki görünən budur ki, İsrail orda törətdiyi faciələrə, hadisələrə görə nəinki cavab verməkdə, heç təzminat ödəməkdə də maraqlı görünmür, ümumiyyətlə törətdiyi dağıntıları, qətliamları, insanlara zülm etməyi dayandırmaq fikrində deyil. Düzdür, atəşkəsdən danışılır, müzakirələr aparıldığı deyilir. Xüsusən İsrail tərəfin davranışlarından görsənir ki, atəşkəs “kövrək atəşkəsdir”, hər an pozula, əvvəlki gərgin vəziyyətə qayıdıla, müharibə yenidən başlaya bilər. Bu baxımdan, müharibə ovqatında olan bir ölkənin hərbi-siyasi rəhbərliyinin öz məsuliyyətini dərk edib Ərdoğanın tələbinə cavab verib-verməyəcəyi özü sual doğurur”-deyə bildirdi. M.Göyüşlü vurğuladı ki, faktiki olaraq, İsrail Qəzzanı yerlə-yeksan edib, insan faciəsi baş verib, bütün bunlar üçün o dövlət məsuliyyət daşıyır. “İsrailin təzminat ödəməsi inandırıcı görünmür. Çünki o, Qəzzanı ona görə dağıtmayıb ki, sonradan oranı bərpa etsin, yaxud bərpaya yardım göstərsin. Tramp da deyir ki, Qəzza sakinləri çıxıb başqa ölkələrə getsinlər. İsrailin məqsədi Qəzzadan fələstinliləri çıxarıb oranı tamamilə boşaltmaq və ora tam şəkildə sahib olmaqdır. Ona görə də İsrailin Ərdoğanın tələbini yerinə yetirəcəyi inandırıcı görsənmir. Ərdoğanın bu çağırışı müsbətdir, əsaslıdır. Əslində İsrail özündə vicdan əzabı və məsuliyyət hiss edirsə, bu tələbi yerinə yetirib 100 milyard dollar təzminat ödəməlidir”-deyə M.Göyüşlü bildirdi.
İradə SARIYEVA