Hüseyn İbrahimov: “Tədbir Fransada təşkil olunduğu üçün Paşinyana belə meydan verilib”
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Süni İntellekt üzrə Fəaliyyət Sammitinin plenar iclasında iştirak edib.
Tədbirdə Fransa prezidenti Emmanuel Makron, Hindistanın baş naziri Narendra Modi, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, BMT-nin baş katibi Antonio Quterreş, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Kanadanın baş naziri Castin Trüdo, eləcə də bir sıra digər ölkələrin liderləri və hökumət başçıları iştirak edib.
Sammit çərçivəsində Paşinyan beynəlxalq tərəfdaşlarla qısa danışıqlar aparıb. Xüsusilə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə söhbətdə Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. İrlandiyanın Baş naziri Micheal Martin ilə, Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi Luiza Muşikivabo və digərləri ilə görüşlər keçirib.
Belə çıxır ki, bircə Quterreşi çıxmaq şərtilə, süni intellekt zirvəsinə Parisə yığışanların hamısı ermənipərəst siyasətçilər imiş. Əksəriyyəti ilə də Paşinyan görüşüb.
“Makronun təşkil etdiyi, Fransanın ev sahibliyi etdiyi tədbir bundan artıq ola bilməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, tədbir Fransada təşkil olunduğu üçün Paşinyana belə meydan verilib: “Parisdə keçirilən sammitdə 100-dən artıq ölkə iştirak edib. Çox güman ki, Azərbaycan həmin tədbirə dəvət edilməyib. Həmişə olduğu kimi, Fransa əsasən özünə yaxın olan ölkələri dəvət edir. Hətta Frankofoniyaya dəxli olmayan Ermənistan tədbirə dəvət edilir və Paşinyan fürsətdən istifadə edərək Azərbaycan əleyhinə propoqanda aparır. Bu dəfə də aşağı-yuxarı belə oldu. Tədbir çərçivəsində Paşinyan bir sıra ölkələrin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirib. Məlum məsələdir ki, həmin görüşlərdə əsas mövzu Azərbaycanı qaralamaq olub. Zatən bütün Ermənistan rəsmilərinin xarici səfərlərdə əsas işi bundan ibarət olur. Bu dəfə də Paşinyan üçün, necə deyərlər, xüsusi meydan yaranıb. Ancaq nə bu kimi tədbirlər, nə də Fransanın keçirdiyi digər konfranslar Azərbaycanın müstəqil siyasət yeritməsinə təsir edə bilməyəcək. Nə Ermənistan, nə də Fransa bununla nəyəsə nail ola bilməyəcək. Onu da qeyd edim ki, Birləşmiş Ştatlar və Böyük Britaniya Parisdə keçirilən sammitin bəyannaməsini imzalamaqdan imtina ediblər. Bu ölkələr açıq və etik süni intellekt sənədini dəstəkləməyib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib ki, onun Birləşmiş Ştatları digər ölkələrin süni intellektə nəzarəti gücləndirmək cəhdlərini qəbul etməyəcək. O qeyd edib ki, həddindən artıq tənzimləmə Avropa İttifaqı sahəsinin özünün mövcudluğu üçün təhlükə yaradır. Bütün bunlar tədbirin uğursuz keçdiyini, bütün dövlətlərin maraqlarını özündə ifadə edə bilmədiyini göstərir. Makronun təşkil etdiyi, Fransanın ev sahibliyi etdiyi tədbir bundan artıq ola bilməz”.
Vidadi ORDAHALLI