Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.
Layihənin lehinə 63 deputat səs verib, hakim partiyanın bütün nümayəndələri layihəni dəstəkləyib. Müxalif “Mənim namusum var” fraksiyası layihənin əleyhinə səs verib, “Hayastan” blokunun üzvləri isə səsvermədə iştirak etməyib.
Parlamentin təsdiq etdiyi qanun layihəsi ölkənin Avropa İttifaqı ilə inteqrasiya prosesinə rəsmən başlamasını hədəfləyir.
Ermənistanın Aİ-yə üzv olmaqla bağlı qanun layihəsini şərh edən Rusiya prezidentinin mətbuat katibi Peskov isə deyib ki, Aİ-yə daxil olmaq istəyi Ermənistanın suveren hüququdur, lakin bu ölkənin xalqı hələ də Aİİ-də üzvlükdən dividend almağa davam edir.
Onun sözlərinə görə, Ermənistanda elə siyasi qüvvələr var ki, Aİ-nin özünün bunda maraqlı olduğuna dair dəqiq anlayış olmadan, Avropa İttifaqına istiqamətlənmənin ölkənin özü və bu ölkə xalqının maraqları üçün əlavə dividendlər verəcəyini düşünürlər.
O bildirib ki, Avropa İttifaqına qəbul prosesinin mürəkkəbliyinə də diqqət yetirmək lazımdır: “Biz bu prosesdə uzun növbəyə salınmış bir çox ölkənin təcrübəsini bilirik".
Xatırladaq ki, 2024-cü il yanvarın 9-da layihə Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilib.
Rusiya İrəvan administrasiyasının parlamentdə səsvermə ilə Aİ-yə üzvlük istiqamətində konkret addım atmasından narahatlığını ifadə edib. Moskva dəfələrlə vurğulayıb ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvü ola bilməz.
Kreml Aİ-yə üzvlük prosesinin Rusiya-Ermənistan tərəfdaşlığına zərər verə biləcəyini bildirib.
Qeyd edək ki, Ermənistan 2015-ci ildən Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bununla belə, son vaxtlar İrəvan administrasiyası Aİ ilə daha güclü əlaqələrin qurulması istiqamətində addımlar atıb.
TAHİR