İran mətbuatında, dini lider Ayətullah Əli Xamneyi ABŞ-la danışıqların əleyhinə olduğunu bəyan etdikdən sonra prezident Məsud Pezeşkiyanın istefa verə biləcəyi ilə bağlı iddialar ortaya atılıb.
Fevralın 7-də İran Hərbi Hava Qüvvələri komandirləri qarşısında çıxış edən Xamneyi ABŞ-la danışıqların ölkənin problemlərini həll etməyəcəyini deyib və əlavə edib ki, “Belə danışıqlar nə ağıllı, nə də şərəflidir”.
Xamneyinin bu bəyanatından sonra prezident Pezeşkiyanın danışıqlarla bağlı fikir ayrılıqlarına görə vəzifəsindən istefa verə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Javan” qəzetinin baş redaktoru yazıb ki, hökumət liderin mövqeyinə uyğunlaşmalıdır. O, bildirib ki, hökumət daxilindəki bəzi qüvvələr Pezeşkiyanı istefaya məcbur edə bilər. Ancaq Pezeşkiyanın ofisindən verilən açıqlamada istefa iddiaları qəti şəkildə rədd edilib.
İranda mühafizəkar və islahatçı dairələr arasında gərginliyin artdığını bildirən ekspertlər, Xamneyinin sərt ritorikasının ABŞ-ın İrana qarşı yeni sanksiyaları və İranın Çinə neft ixracına təzyiqi ilə əlaqəli ola biləcəyini düşünürlər.
TAHİR