Xaqani Cəfərli: "Tramp administrasiyanın müharibəni dayandırmaq üçün resurs və mexanizmləri olduğu halda, 2020-ci ildə bunu etmədi"
Ermənilərin xam xəyalları heç vaxt özbaşına yaranmır. Həmişə bu xam xəyallar dünya güclərinin maraqlarından doğur. Amma o qədər belə xam xəyallar doğrulub ki, ermənilərin fantaziyası bunun təsiri altında genişlənib.
Məsələn, 200 il əvvəl heç kimin ağlına da gəlməzdi ki, Cənubi Qafqazda erməni dövləti ola bilər. Lakin Rusiyanın maraqları bunu yaratdı. Ermənilərin belə uğurları çox olub. Amma budəfəki arzuları, deyəsən ürəklərində qalaraq qövr edəcək.
Tramp erməni xristianları müdafiə edəcəyinə söz verib, o, Ruben Vardanyandan başlaya bilər. Bu barədə erməni əsilli amerikalı jurnalist və yazıçı Devid İqnatiusun “The Washington Post” qəzetindəki məqaləsində deyilir.
“Azərbaycanda erməni Ruben Vardanyan mühakimə olunur və mən Azərbaycanda mühakimə olunan Vardanyanın ağır vəziyyətini təqdim etmək istəyirəm. Onu ömürlük həbs gözləyir və onun işi daha çox diqqətə layiqdir.
Vardanyanın cinayəti Qafqazın ucqar bölgəsi olan və vaxtilə əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan "Dağlıq Qarabağ"da erməni müqavimətinə dəstək vermək idi. Məqalədə qeyd edilir ki, artıq bu qurum yoxdur.
Ermənilərin xam xəyalı - Tramp erməni xristyanları müdafiə edəcək və Vardanyandan başlayacaq - ermənilərin hansı xidmətlərinə görə? Amerika erməniləri seçkidə Donald Trampı boykot etdi. Belə olan halda doğrudanmı Tramp erməni xristianları müdafiə edəcəyi barədə hardasa mövqe bölüşüb? Necə düşünürsünüz, Trampın Ermənistan siyasəti hansı xarakterə malik olacaq?
Baki-xeber.com saytının suallarını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, İkinci Qarabağ müharibəsi zamanı ABŞ-da prezident Donald Tramp idi: "Tramp administrasiyasının razılığı olmadan Türkiyə F-16 qırıcılarını Azərbaycana göndərə bilməzdi. Heç bir ölkə Vaşinqtonun razılığı olmadan ABŞ istehsalı silahı başqa bir ölkəyə daşıya, verə bilməz.
İkincisi, Tramp adminstrasiyanın müharibəni dayandırmaq üçün resurs və mexanizmləri olduğu halda, 2020-ci ildə bunu etmədi. İndi sərt şəkildə anti-Azərbaycan mövqeyi tutacağını güman etmirəm. Xüsusilə də, Azərbaycan 2020-ci ildə olduğu kimi Tramp administrasiyasının ən azından bitərəfliyinə nail olan xarici siyasət yürütmək imkanlarına indi daha çox malikdir.
Devid İqnatius ABŞ-da ən geniş əlaqələrə malik bir neçə jurnalistdən biri, bəlkə də birincisidir. Ancaq bir məsələ var ki, İqnatius demokratlara yaxın jurnalist hesab olunur. "The Washington Post" da həmişə demokrarlara yaxın media orqanı olub.
Digər tərəfdən, Trampın həll etməli olduğu daha vacib problemlər var. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq böhranı, İranın nüvə proqramı, Uzaq Şərqdə və Latın Amerikasında ABŞ-ın maraqlarını təhdid edən məsələlər Trampın həll etməli olduğu ilk vəzifələrdəndir.
Ən əsası, Azərbaycan xarici siyasətdə fəlakətli səhvə yol vermədikcə, ciddi problemlə üzləşəcəyini düşünmürəm. Hətta Azərbaycanın regionda və dünyada mövqelərini gücləndirmək üçün imkanlara və fürsətlərə malik olduğunu düşünürəm".
Dəniz NƏSİRLİ