Arzuxan Əlizadə: “Paşinyan sülh sazişini uzatmaqdan ötrü növbəti oyuna başlayıb”
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanı onun ölkəsinə hücum etməyə zəmin hazırlamaqda günahlandırıb.
O, rəsmi “Armenpress” xəbər agentliyində dərc olunan məqaləsində bu haqda yazıb.
“Azərbaycanın rəsmi təbliğatı getdikcə daha çox bu fikrə yönəlir ki, guya Ermənistan silahlanır və Azərbaycana hücuma hazırlaşır. Yəni buna görə də Azərbaycan özünü müdafiə etmək və preventiv tədbirlər görmək hüququna malikdir”, - o məqaləsində bildirib.
Paşinyan Bakının Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük hissəsini “Qərbi Azərbaycan” adlandırmağa davam etməsinə diqqət çəkib. Onun sözlərinə görə, guya Azərbaycan rəhbərliyi bununla Ermənistan əleyhinə növbəti hərbi təcavüz üçün zəmin yaratmağa çalışa bilər. Paşinyan, həmçinin, Ermənistan-Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanması üçün çağırışlarını təkrarlayıb.
“Azərbaycan Ermənistana yönəlik rəsmi səviyyədə ərazi iddiası ilə çıxış etmir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, Paşinyan həmişə olduğu kimi, iz azdırmağa çalışır: “Məsələ ondadır ki, Ermənistanın silahlanması neçə vaxtdır davam edir. Özü də son aylar silahlanmanın tempində artım dinamikası müşahidə edilir. Ermənistan nəinki müdafiə xarakterli, eyni zamanda hücum xarakterli silahlar əldə etməkdədir. Bununla yanaşı, Ermənistan ordusu Naxçıvan və Kəlbəcər istiqamətində yeni mühəndis-istehkam qurğuları yaradır. Bütün bunlar Avropa İttifaqı müşahidə missiyasının sərhəddə aktivliyi fonunda baş verir. Üstəlik, müşahidə missiyasının qalma müddəti daha iki il uzadıldı. Vaxt uzandıqca Paşinyan daha həyasız və təxribat xarakterli fikirlərlə çıxış edir. Hər vasitə ilə çalışır ki, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistana yönəltsin. 2023-cü ilin sonlarından belə bir tezis ortaya atdılar ki, bu gün-sabah Azərbaycan Zəngəzuru götürəcək. Erməniləri himayə edən bütün xarici media bunun üzərində kökləndi. Xüsusən də bunun 2024-cü ilin ortalarına qədər baş verəcəyini proqnozlaşdırırdılar. Ancaq bu baş vermədi. İndi də Paşinyan sülh sazişini uzatmaqdan ötrü növbəti oyuna başlayıb. Guya Azərbaycan hakimiyyəti Qərbi Azərbaycan sözünü daha çox gündəmə gətirməklə Ermənistana hücuma hazırlaşır. Əvvəla, Qərbi Azərbaycan ifadəsində heç bir qəbahət yoxdur. Ora tarixi və əzəli Azərbaycan ərazisi olub. Oradakı bütün toponimlər türk-Azərbaycan mənşəlidir. Azərbaycan Ermənistana yönəlik rəsmi səviyyədə ərazi iddiası ilə çıxış etmir. Belə bir iddia ilə Ermənistan çıxış edir və bu, ölkə konstitusiyasında da öz əksini tapıb. Azərbaycanın tələbi odur ki, Qərbi Azərbaycandan qovulan 300 min azərbaycanlının indiki Ermənistana qayıdışı təmin edilsin. Çünki onlar dədə-baba yurdlarına qayıtmaq istəyirlər. Paşinyan isə buna başqa don geydirərək məsələni Azərbaycanın ərazi iddiası kimi təqdim etməyə çalışır”.
Vidadi ORDAHALLI