Ramil Hüseynov: “Fransanın “Sülh kəsişməsi”ni rəsmən dəstəkləməsi nəyisə dəyişməyəcək”
Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makron ilə görüşü olub.
Görüşdə Makron Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Ermənistanın inkişafı və sabitliyinin təmin olunması işində Fransanın dəstəyini bir daha təsdiqləyib. Paşinyan isə qeyd edib ki, 2024-cü il Ermənistanla Fransa arasında münasibətlərdə son dərəcə dinamik il olub. İki ölkə liderləri iqtisadiyyat, infrastruktur, yol tikintisi, energetika, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını, birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.
Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesinə, sərhədlərin demarkasiyası prosesinin inkişafına və “Sülh kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiyaların açılmasına da toxunublar. Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini vurğulayıb. Regional əhəmiyyətli bir sıra digər məsələlər də müzakirə olunub. Bundan əlavə, Ermənistan və Avropa İttifaqı arasında gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, Paşinyanla Makron “Sülh kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiyaların açılması barədə sövdələşiblər.
“Naxçıvana Zəngəzur dəhlizi çərçivəsində maneəsiz gediş-gəliş təmin edilmədən bu mümkün olmayacaq”
Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Fransanın Ermənistanın mövqeyini rəsmən dəstəkləməsi deməkdir: “Düzdür, Fransanın Ermənistanla olan xüsusi yaxınlığı yeni bir şey deyil. Fransa Ermənistanı uzun illərdir himayə edən başlıca ölkələrdən biridir. Fransa Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını bu və ya digər formada dəstəkləyib. Makronun gücü çatsaydı, Azərbaycanın öz ərazilərini hərb yolu ilə azad etməsinin qarşısını alardı. Məlum olduğu kimi, o buna mane olmaq üçün çox çalışdı, amma istəyinə nail ola bilmədi. Makron hakimiyyəti 5 dəfə BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana qarşı qətnamə qəbul edilməsinə cəhd göstərdi, amma yenə uduzdu. Onun bu istiqamətdə bütün cəhdləri fiaskoya uğradı. Bu baxımdan Fransanın “Sülh kəsişməsi”ni rəsmən dəstəkləməsi də nəyisə dəyişməyəcək. Çünki Prezident İlham Əliyev demişkən, Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Azərbaycan o halda Ermənistanın bu layihəsinin reallaşmasına imkan verəcək ki, qarşı tərəf şərtlərimizi qəbul etsin. Bakının əsas şərti odur ki, Naxçıvana Zəngəzur dəhlizi çərçivəsində maneəsiz gediş-gəliş təmin edilsin. Bu olmadan, heç bir halda “Sülh kəsişməsi”nin reallaşması mümkün deyil. Ona görə də Paşinyan bununla bağlı Makrondan dəstək almaq əvəzinə, Azərbaycanla danışıqlarda real addımlar atsa daha məqsədəuyğun olar”.
Vidadi ORDAHALLI