Tural İsmayılov: “Hesab edirəm ki, erməni mediası növbəti dəfə dezinformasiya kampaniyası aparmaqla məşğuldur”
Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi yaxın vaxtlarda açılacaq. Bu barədə “News.am” saytı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Erməni mediası yazır ki, keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılır və Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək.
Qeyd edilir ki, sərhəd keçid məntəqəsinin işə salınması ehtimalı ilk dəfə 2024-cü ilin iyulunda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçid məntəqəsində baş tutan görüşdən sonra elan edilib.
Məlum olduğu kimi, hazırda Ermənistan-Türkiyə sərhədinin bütün perimetri boyunca nəzarəti Rusiya Federasiyası FTX-nin Ermənistan Respublikası üzrə İB-si həyata keçirir.
Marqara keçid məntəqəsinin yaxın vaxtlarda açılması nə dərəcədə doğru ola bilər? Bu nə qədər realdır?
“Türkiyə ilə Ermənistan arasındakı sərhəd açılışı birbaşa Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır”
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində “Hesab edirəm ki, erməni mediası növbəti dəfə dezinformasiya kampaniyası aparmaqla məşğuldur. Çünki Ermənistan-Türkiyə sərhəddinin açılmasının yeganə şərti odur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Bu gün Ermənistan aktiv şəkildə Azərbaycan əleyhinə provokasiyalara cəlb edilib. İki ölkə arasında real sülh müqaviləsi ilə bağlı addımların atılmaması şəraitində heç bir formada inandırıcı deyil ki, Türkiyə Ermənistanla sərhədi açsın” - deyə bildirdi.
T.İsmayılovun fikrincə, sadəcə, ola bisin ki, Ermənistandakı hökumət komandası ictimai rəyi və nəbzi yoxlamaq naminə guya Türkiyə ilə sərhədlərin açılması ilə bağlı bir manipulyativ informasiya dövriyyəyə buraxsın, bununla erməni ictimai rəyindəki durumu öyrənməyə çalışsın. “Reallıqda isə bir daha qeyd edirəm ki, Ermənistan-Türkiyə sərhəddinin açılmasının əsas şərti Ermənistanla Azərbaycan arasında gerçək sülh müqaviləsinin imzalanmasından keçir. Bu baxımdan həmişə deyirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi təkcə Azərbaycan və Ermənistanı əhatə etməyəcək, regional anlamda böyük əhəmiyyətə malikdir. Bu baxımdan əhəmiyyətə malikdir ki, bu sülh müqaviləsi sonrakı dövrdə də Ermənistanın təkcə Azərbaycanla münasibətlərini tənzimləməyəcək, eyni zamanda Ermənistan-Türkiyə münasibətlərinin də yaxşılaşmasına səbəb olacaq. Hər halda, bu gün erməni mediasının özü də yaxşı bilir ki, Türkiyə ilə Ermənistan arasındakı sərhəd açılışı birbaşa Azərbaycanla sülh müqaviləsinin imzalanmasından asılıdır. Bu reallığı qəbul etmək əvəzinə, məsələni qəsdən manipulyasiya edirlər” - deyə T.İsmayılov qeyd etdi.
İradə SARIYEVA