Gürcüstan parlamentində Qarabağdakı vəziyyətlə bağlı müzakirələr keçirilir. Bu barədə Gürcüstan KİV-i məlumat verib. Qeyd olunur ki, ölkənin Kəşfiyyat Xidmətinin əməkdaşları Müdafiə və təhlükəsizlik komitəsinin iclasında deputatları müvafiq məlumatlarla tanış edir. Bundan başqa, Ukrayna ilə bağlı məsələnin də müzakirəsi gözlənilir. Komitə iclası bağlı qapılar arxasında keçirilir.
Çox maraqlıdır, Gürcüstan parlamentində keçirilən Qarabağla bağlı müzakirələrdə hansı pərdəarxası məqamlar ola bilər?
Politoloq Zərdüşt Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Gürcüstan parlamentinin bu məsələni müzakirə etməsi tam təbiidir: “Regionda çox ciddi hadisə baş verib. İki qonşu ölkə bir-birilə müharibə aparıb. Bunun nəticəsində böyük geosiyasi dəyişikliklər yaşanıb. Azərbaycana rus sülhməramlıları gəlib. Rusiyanın və Türkiyənin regiondakı mövqeləri güclənib. Onlar müzakirə edib, bilmək istəyirlər ki, bundan nə mənfi və nə müsbət hallar var. Siz Gürcüstanın çox vacib məlumat mənbələri ilə tanış olsanız, görərsiniz ki, Qarabağla bağlı onlar ətraflı təhlillər aparırlar. Bir tərəfdən də onlarda qısqançlıq var ki, Azərbaycan öz torpaqlarını qaytardı, onlar isə bunu edə bilmir. Gürcüstan bilir ki, bizim rəqibimiz Ermənistan olub, onların bilavasitə rəqibi isə Rusiyadır. Həmin ölkə çox güclüdür və Gürcüstan haqqı olanı belə ondan ala bilmir. Digər tərəfdən, onlar görür ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq istəyir. Bunun nəticəsində gələcək regional layihələr Gürcüstandan deyil, Ermənistandan keçə bilər. Ancaq Gürcüstan bilməlidir ki, ən böyük 3 meqalayihə onun ərazisindən keçib. Ermənistandan Mehri vasitəsilə dəmiryolu keçə bilər. Gürcüstan bundan ehtiyat etməməlidir. Region ölkələri sözü bir yerə qoyub Çindən Avropaya aparılan yükləri öz dəmiryollarına yönəldə bilsələr, bu, milyardlarla gəlir deməkdir. Bundan 3 Cənubi Qafqaz ölkəsinə də böyük mənfəət dəyəcək. Bunun üçün işləmək lazımdır. Bütün bu deyilənlər bir da sübut edir ki, Gürcüstanın Qarabağla müzakirə aparması onun həm iqtisadi, həm də siyasi marağından irəli gəlir”.
Məhəmmədəli QƏRİBLİ