Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazandı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbə Azərbaycan xalqına bəxş edilməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın, daha sonra - Bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi oldu. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu, təbii ki, bu qələbəmizi şərtləndirdi.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələrlə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu. Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir.
Ölkədəki bütün dini icmalar və etnik qruplar multikulturalizmin inkişafında yaxından iştirak edir…
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu tolerant məkan, multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin təbliğinə, mədəni həyatının zənginləşməsinə dövlət səviyyəsində göstərilən diqqət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanınmasında xüsusi əhəmiyyət kəsb edir. Fərqli mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin xarakterini səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Prezident İlham Əliyev uzaqgörən siyasi lider kimi bu faktoru nəzərə alaraq, Azərbaycan vətəndaşlarına belə bir ideya aşılayır ki, dünyadakı qloballaşma şəraitində multikultural dəyərlərin qarşılıqlı təsiri milli və dini mənsubiyyətindən asılı olmayaraq insanlardan mədəniyyətlərarası dialoqu dəstəkləməyi və başqalarının mədəni dəyərlərinə hörmətlə yanaşılmasını tələb edir. Milli və dini münasibətlərin inkişafı sahəsində Prezident İlham Əliyevin apardığı siyasət etnik və dini mənsubiyyəti, mədəni dəyərləri və adət-ənənələrindən asılı olmayaraq bütün ölkə vətəndaşları tərəfindən dəstəklənir. Müxtəlif dini konfessiyaların fəaliyyəti üçün yaradılmış şərait cəmiyyətin mənəvi sərvətləri sırasında vicdan azadlığının özünə mühüm yer tutmasını təmin edir. Azərbaycanda yaşayan etnik qruplar ümumi birgəyaşayış qaydaları əsasında özlərinin mədəni-mənəvi dəyərlərini və etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayır. Ölkədəki bütün dini icmalar və etnik qruplar multikulturalizmin inkişafında, dostluq və humanizm prinsiplərinin ictimai həyatda öz təsdiqini tapmasında, ictimai-siyasi sabitliyin təmin olunması və vətəndaş həmrəyliyinin möhkəmlənməsində yaxından iştirak edir.
Eyni cəbhədə çiyin-çiyinə döyüşərək şəhidlik zirvəsinə yüksəlirlər
44 günlük İkinci Vətən ğüharibəsində tarixi və əbədi düşmənimiz, faşist xislətli ermənilərə qan udduran cəsur oğullarımız millət seçimi etmədən döyüşlərdə birlik, əzmkarlıq və bir-birinə dayaq, dəstək nümayiş etdiriblər. Müharibə zamanı ən çıxılmaz, çətin, mürəkkəb vəziyyətlərdə isə bir-birinin ən yaxın köməkçisi və yardımçısı olublar. Respublikamızın bütün bölgələrindən olan valideynlərin alın təri ilə qazandıqları halal çörəklə böyütdüyü bu sadə gənclər bir-birinə arxa olaraq, təsəlli verərək, inamla, hətta ağır yaralı vəziyyətdə bir-birini xilas etməyə çalışırdılar. Bu oğullar bir yumruq kimi birləşərək, o azğınlara hər an kəsərli cavablarını veriblər. Sirr deyil ki, Azərbaycan xalqı tarixən başqa mədəniyyətlərə, dinlərə, etniklərə həmişə tolerant yanaşmasıyla fərqlənib və bu gün də belədir. Dünyanın bəlkə də yeganə ölkəsiyik ki, bəzi şəhərlərimizdə yəhudi, xristian və müsəlman məbədləri yan-yana tikilib və aralarında heç bir problem olmadan fəaliyyət göstərirlər. Dini məbədlərin yan-yana düzülməsi hadisəsi qismən Qüdsdə də nəzərə çarpsa da, ordakı fərqli dindaşlar arasında ixtilaflar hökm sürür, bəzən bu sürtüşmələr ciddi ixtilaflara çevrilir. Azərbaycanda isə belə bir hal yoxdur və müxtəlif din mənsubları, etniklər eyni torpaqda mehriban ünsiyyət şəraitində yaşadıqları kimi, eyni cəbhədə çiyin-çiyinə döyüşərək şəhidlik zirvəsinə yüksəlirlər. Milli qəhrəmanlarımız arasında yəhudilərin, rusların və digər etniklərin də olması Azərbaycanın bu torpaqda yaşayan hər kəs üçün vətənləşdiyinin ən bariz təsdiqidir. Böyük Türk şairi demişkən, “Torpaq - əgər uğrunda ölən varsa - Vətəndir. Bəli, bu Vətən onu qanıyla suvaran və ərazi bütövlüyümüzü bərpa edən hər kəsin Yurdudur və bu ölkədə heç kimin heç kimdən üstünlüyü yoxdur. Üstünlük yalnız Vətənə xidmətlə ölçülür.
Böyük Zəfərin qazanılmasında Azərbaycanda yaşayan azsaylı xalqların, millətlərin, etniklərin nümayəndələrinin böyük rolu olub
Azərbaycanın bu multikultural xarakteri bəzən yanlış təbliğ olunduğu və ya başa düşüldüyü kimi, yalnız mövcud hakimiyyətin xarici güclər qarşısında götürdüyü hansısa öhdəlikdən də irəli gəlmir. Bu müqəddəs torpaqda əsrlər boyu multikultural dəyərlər hökm sürüb, sürməkdədir. Təsadüfi deyil ki, ölkəmizin dini və etnik mozaikası olduqca zəngindir və biz bir-birimizi doğmalara-yadlara ayırmadan yaşayırıq. Böyük Zəfərin qazanılmasında Azərbaycanda yaşayan azsaylı xalqların, millətlərin, etniklərin nümayəndələrinin böyük rolu olub. Çünki onların hamısı bir amal uğrunda - Azərbaycanımızın bütövlüyü və Qarabağ torpaqlarının düşməndən təmizlənməsi uğrunda döyüşüb.
Bu birlik, bu dostluq, bu qardaşlıq Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi
Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin təltif olunan hərbi qulluqçularla görüşü zamanı Vətən müharibəsi Qəhrəmanı, kapitan Ramazan Hudulov vurğulayıb ki, Azərbaycan monoetnik dövlət olan Ermənistandan fərqli bir dövlətdir, tolerant bir ölkədir: "Burada bir çox xalqların nümayəndələri - türklər, ləzgilər, avarlar, talışlar, ruslar, yəhudilər, udilər, tatlar və digər xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayır. Mən avar xalqının nümayəndəsiyəm. Mən Azərbaycan vətəndaşıyam. Bizim bir adımız var, biz azərbaycanlıyıq! Azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi. Cənab Prezident, mən Xocavənd, Füzuli uğrunda döyüşlərdə, Qarabağımızın tacı olan Şuşa şəhərinədək döyüş yolu keçmişəm. Daşaltı uğrunda gedən ölüm-qalım savaşında tabor komandirimiz ağır yaralandıqdan sonra ekstremal vəziyyətdə tabor komandiri kimi çətin, məsuliyyətli vəzifənin ağırlığını öz üzərimə götürərək qarşımıza qoyulan mühüm döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olmuşuq. Siz isə bütün xidmətlərimi nəzərə alaraq, məni ən yüksək fəxri ada - “Vətən müharibəsi qəhrəmanı” adına layiq görmüsünüz. Sizi əmin edirəm ki, bu ali etimadı bundan sonra da Vətənimizə, dövlətimizə, millətimizə, öz doğma Azərbaycanımıza sədaqətli xidmətimlə doğruldacağam".
Qazilər arasında çox sayda talışlara, ləzgilərə, avarlara, ruslara, dağ yəhudilərinə rast gəlinir
Müharibə Azərbaycanda yaşayan xalqların möhkəm birliyinin iftixar yaradan real nümayişinə çevrildi. Ölkəmizdəki azsaylı xalqların gənc nümayəndələri müharibədə öz azərbaycanlı silahdaşları kimi həqiqi qəhrəmanlıq nümunəsi göstərdilər. Həlak olan döyüşçülər - şəhidlər, həmçinin, yaralanmış əsgərlər - qazilər arasında çox sayda talışlara, ləzgilərə, avarlara, ruslara, dağ yəhudilərinə rast gəlinir. Onlar doğma vətən saydıqları Azərbaycan uğrunda vuruşur, canlarını və sağlamlıqlarını onun naminə qurban verməyə hazır idilər. Çünki bu gənclər özününkü saydığı torpaqları bütün ruhları ilə hifz edirdilər. Ordumuz canlı qüvvə barədə heç bir çətinlik çəkmirdi. Ona görə də Ermənistan rəhbərliyinin guya Azərbaycan tərəfdə Suriya muzdlularının vuruşması iddiası heç bir əsasa malik deyildi. Azərbaycan kiçik ölkə olsa da, çoxmillətliliyi ilə seçilir və milli tərkibdəki rəngarənglik ölkədəki vətənpərvərlik hisslərini nəinki zəiflətmir, əksinə, daha da gücləndirir. Ermənistan isə monoetnik ölkəyə çevrilsə də, əslində daha da zəiflədi, orduda fərarilik halları da kütləvi xarakter daşıyırdı. Son müharibədə qəribə bir dəyişikliyin də şahidi olduq. Azərbaycanlı valideynlərin igidliyə çağırış xeyir-duaları, cəbhəyə yollananların Horatsi oğlanlarınınkına bənzər andları göylərə çatdığı halda, Ermənistandakı valideynlər övladlarını səfərbərlikdən yayındırmağa çalışır, gənclər də hərbi xidmətə getməkdənsə, gizlənmək yolunu seçirdilər. Artıq millətçiliyə əlacsız müraciət cəhdləri də köməyə gəlmirdi. Azərbaycanda isə, elə bil ki, Homerin "Odisseya"sında bəlkə də bütün bəşəriyyətə ünvanladığı "ləyaqət, qüsurla müqayisədə daha yaxşı siyasətdir" mesajı birbaşa qəbul edilmişdi, ölkə rəhbərliyi daim hiyləgərliyə əl atan düşməndən fərqli olaraq, ləyaqət prinsipini əsas götürərək, siyasətində və əməllərində məhz ona riayət etməyi vacib saymışdı.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.