“Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər”. Bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Mən bu barədə əvvəlki illərdə danışarkən bəziləri hesab edirdi ki, bəli, bunlar qəbul olundu, amma bunun nəticəsi yoxdur. Bu gün gördük bunun nəticəsini, hər kəs gördü bunun nəticəsini. BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi, ondan başqa ciddi bir sənəd yox idi. BMT Baş Assambleyasının qərarı, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti. Avropa Şurası Parlament Assambleyası həmişə bizə düşmənçilik mövqeyi sərgiləyir, hətta onlar da məcbur olub ərazi bütövlüyümüzə dəstək nümayiş etdiriblər. Bütün bunlar siyasi və hüquqi baza yaradıbdır. Əgər bu, olmasaydı, müharibə dövründə bizə qarşı Minsk Qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki təşəbbüsü nəticə verə bilərdi. Bunu da hər kəs bilsin, bir çoxları bilmir. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk Qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVID ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər. Düzdür, hər hansı bir qətnamə qəbul olunsaydı belə, bizi dayandıra bilməzdi. Heç kim və heç nə bizi dayandıra bilməzdi. Mən müharibə dövründə dəfələrlə xalqa müraciət edərək demişdim, rədd olsun düşmən bizim torpağımızdan, mən müharibəni dayandırıram. Ona görə beynəlxalq müstəvidə hazırlıq aparılmalı idi. İqtisadi sahədə hazırlıq aparılmalı idi. Əgər biz hansısa bir ölkədən və yaxud da ki, hansısa beynəlxalq maliyyə qurumundan asılı olsaydıq, müharibəni apara bilərdikmi? Əlbəttə ki, yox. Bizə min cür təzyiq edəcəkdilər, bizi təhdid edəcəkdilər, imkanlarımızı kəsəcəkdilər”.
Bizi müharibəyə təhrik edən, torpaqlarımızı qəsb edən, bizə qarşı dəhşətli müharibə cinayətləri törədən Ermənistan olub, amma bu ölkəyə sözügedən qurumlar tərəfindən hər hansı bir sanksiya tətbiq edilməyib, lakin haqlı tərəf olan və işğalçıya qarşı mübarizə aparan Azərbaycana qarşı belə çirkin addım atmaq istəyiblər.
Azərbaycana sanksiya tətbiq etmək istəyən ölkələrlə siyasətimiz necə qurulmalıdır?
“...bizə radikal mövqedə duran qərəzli ölkələri, qüvvələri neytrallaşdırmağa çalışmalıyıq”
“Müasir İnkişaf” Birliyinin rəhbəri, politoloq Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, bir çox dövlət müharibə vaxtı da, müharibədən sonra da, indinin özündə də Azərbaycan qarşı düşmən siyasəti yürüdür və ikili standartlı yanaşmalar sərgiləyir. “Göründüyü kimi, bəzi ölkələr Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdiriblər, ölkəmizə qarşı sanksiya tətbiq olunmasına təşəbbüs göstəriblər. Təsəvvür edin ki, bu çirkin kampaniyanı təşkil edənlər sırasında Minsk Qrupuna həmsədrlik edən ölkələr də olub. Bu nə deməkdir? Halbuki, bu ölkələr münaqişənin nizamlanmasında tərəfsizlik nümayiş etdirməli idilər. Təəssüflər olsun ki, bizə qarşı qərəzli olanlar beynəlxalq hüquq normalarına tamamilə əməl etməyiblər. Müharibənin gedişində Fransanın, Yunanıstanın və başqa ölkələrin mövqeyini gördük, Rusiyanı da bu sıraya qatmaq olar. Biz Minsk Qrupuna daxil olan ölkələrin siyasətçilərinin, deputatlarının, dövlət adamlarının bizə qarşı ədalətsiz mövqeyinin şahidi olurduq. Çox təəssüflər olsun ki, bizə ikili standartlarla yanaşan bu ölkələr Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə qədər irəliləməyə cəhdlər ediblər. Hətta şahidi olduq ki, bu məsələ BMT-də belə müzakirəyə çıxarılırdı, müharibədə Azərbaycanı dayandırmaq istəyirdilər. Çox müsbət haldır ki, buna nail ola bilmədilər. Burada Böyük Britaniyanın da səyini çox yüksək qiymətləndirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Böyük Britaniya buna qarşı çıxdı və Azərbaycana qarşı qərəzli qətnamə qəbul etmək istəyi həmin o ermənipərəst dövlətlərin ürəyində qaldı”.
Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə çalışan dövlətlərə qarşı hansı siyasət yürütməyimizə gəlincə, M.Göyüşlü bildirdi ki, bu bizə dostumuzu və düşmənimizi tanımaq üçün imkan verdi, biz bu gün kimin bizə necə olduğunu yaxşı bilirik və siyasətimizi də bu müstəvidə qurmalıyıq. “Biz artıq bilirik ki, hansı dövlətlər bizi dəstəkləyib, hansı ölkələr əsassız olaraq ölkəmizə qarşı sanksiya tətbiq edilməsinə çalışıb. Biz indi bilirik ki, hansı ölkələrlə dostluq münasibətlərini daha da yaxınlaşdırmalıyıq, hansı ölkələrin ölkəmizə investisiya qoymasına, Qarabağda tikinti-quruculuq işləri aparmasına, şirkətlərinə imkanlar açmalıyıq. Bizə düşmən münasibət bəsləyən, Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı sankisiya tətbiq edilməsinə çalışan ölkələrlə münasibətlərimizi ölçüb biçməliyik. Amma bizə Türkiyə kimi çox isti münasibət göstərən, haqq işimizi müdafiə edən ölkələrlə münasibətlərimizi daha da gücləndirməliyik.
Avropa qurumlarının və bir çox Avropa dövlətinin bizə münasibəti heç zaman birmənalı olmayıb, onlar Ermənistanın tərəfini saxlayıblar, Azərbaycanla bağlı ədalətsiz qərarlar qəbul ediblər” - deyə bildirən M.Göyüşlünün sözlərinə görə, biz həmin ölkələrlə bağlı siyasətimizə gələcəkdə yenidən baxmalıyıq. “Mən bu dövlətlərə qarşı hansısa bir sanksiyanın tətbiq edilməsini real görmürəm. Biz bizə neytral münasibət bildirən ölkələrlə dostlaşmağa, bizə radikal mövqedə duran qərəzli ölkələri, qüvvələri neytrallaşdırmağa çalışmalıyıq. Müharibənin gedişində Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə “ilham” verən ölkələrlə münasibətlərə yaxın gələcəkdə yenidən baxmalıyıq. Hər halda, biz bu müharibədə bəzi dünya ölkələrinin, o cümlədən də Minsk Qrupunun həmsədr ölkələrinin bizə qarşı mövqeyini açıq şəkildə gördük” - deyə M.Göyüşlü vurğuladı.
İradə SARIYEVA