“Silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir”. Bunu Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, bir neçə mənbədən silahlar alınıb: “Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.
Göründüyü kimi, Azərbaycan bir neçə ölkədən silah alaraq bu sahədə uğurlu bir konfiqurasiya qurub. Bütün bunların nəticəsidir ki, müxtəlif ölkələrə məxsus müasir silahlar əldə edildi və düşmənə güclü zərbə vuruldu.
“Bütün bunlar onu göstərir ki, silah bazarı siyasətaltı xarakter daşıyır”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, həqiqətən də silah bazarını təkcə iqtisadi maraqlar həll etmir: “Azərbaycanın çoxşaxəli tərəfdaşlıq əlaqələri və yüksək siyasi münasibətlər sözügedən məsələdə mühüm rol oynayıb. Azərbaycan silah bazarındakı mövqeyi ilə, əslində, dünyadakı siyasi balansı qorumağa nail oldu. Biz bundan maksimum səmərəli istifadə edə bildik. Məsələ ondadır ki, Azərbaycan MDB məkanında təkcə Rusiyadan silah idxal etmirdi. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarusdan da silah idxal edirdi. Yeri gəlmişkən onu da qeyd edim ki, bu, Ermənistanın ciddi narahatlığına səbəb oldu. Belarusu KTMT üzvü olaraq bu addımı atdığına görə qınadılar və s. Heç şübhəsiz ki, Azərbaycanın bu uğurunun kökündə Belarusla olan yüksək səviyyəli siyasi münasibətlər həlledici rol oynayıb. Bütün bunlar onu göstərir ki, silah bazarı siyasətaltı xarakter daşıyır. Silah bazarı həm də siyasi münasibətləri tənzimləyən bir faktordur. Nəzərə almaq lazımdır ki, dünyanın aparıcı dövlətləri silah bazarına xüsusi diqqət yetirirlər. Ona görə ki, silah alverindən çox böyük gəlir əldə edilir. Azərbaycan çox böyük zərgər dəqiqliyi ilə bu balansı qorudu. Azərbaycan Rusiyadan, İsraildən, Türkiyədən silah aldı. Azərbaycan Rusiyadan silah almaqla yanaşı, Belarusu aut vəziyyətində qoymadı. 2016-ci ildə Ermənistana “İsgəndər” raketləri verildi. Həmin raketlərin alternativi olan “Polonez” raket kompleksləri Belarusdan alındı. Ona görə də Azərbaycan tərəfdaş ölkələrlə qurduğu yaxşı siyasi münasibətlər sayəsində silah idxalında uğurlu nəticələrə nail oldu”
Hərbi ekspert hesab edir ki, bu baxımdan, Azərbaycan çox ciddi uğura nail oldu.
Vidadi ORDAHALLI