Artıq bütün dünyaya məlumdur ki, işğaldan azad edilmiş Azərbaycan əraziləri uzun illər Ermənistan tərəfindən sistemli qaydada, Vətən müharibəsi dövründə isə xaotik şəkildə minalanıb. Sülh sazişi imzalanandan sonra, beynəlxalq hüquqa görə, minalanan ərazinin xəritəsi qarşı tərəfə təqdim edilməlidir. Lakin Azərbaycanın qeyd edilən xüsusda dəfələrlə irəli sürdüyü tələblərə rəğmən, Ermənistan həmin yerlərin xəritəsini hələ də ölkəmizə vermir. Ekspertlər hesab edir ki, İrəvan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir.
Əslində, Ermənistanın bu müharibə cinayəti məlum 10 noyabr bəyanatı imzalandıqdan sonra Azərbaycan ərazilərinə diversant dəstələri göndərməsi fonunda da özünü qabarıq büruzə verirdi. Hazırda Ermənistanın spekulyasiya mövzusuna çevirməyə çalışdığı məsələlərdən biri də postmüharibə dövründə Azərbaycan ərazisində yaxalanmış erməni diversantlarla bağlıdır. Ermənistan bu şəxsləri “hərbi əsir” kimi qələmə verməyə çalışsa da, Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq onların terrorçu, diversant olduğunu təsbit edir. Ermənistan tərəfi həmin terrorçuların təhvil verilməsini tələb edərək, bu fonda yaratdığı spekulyasiyalarla özünün üçtərəfi bəyanata zidd addımlarını pərdələməyə çalışır. Halbuki, Azərbaycan müharibə zamanı əsir alınan bütün erməni hərbçiləri təhvil verib. Bununla belə, Azərbaycan ərazilərində postmüharibə dövründə saxlanılan erməni terrorçuların da təhvil verilməsini gündəmə gətirməklə Ermənistan üçtərəfli bəyanatların şərtlərini pozmağa, sülhün bərqərar olmasının qarşısını almağa çalışır. Sözügedən terrorçular məsələsində Ermənistan hakimiyyəti öz xalqına da yalan danışır. Ermənistan hakimiyyətinin İrəvandan Bakıya terrorçu əsirləri gətirmək üçün təyyarə yollandığı və geriyə boş qayıtdığı barədə yaydığı məlumatlar da bunun təsdiqidir. Xatırladaq ki, daha öncə Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov da bu yalana görə bütün məsuliyyətin Ermənistan hakimiyyətinin üzərinə düşdüyünü bildirib. Öz xalqına yalan danışmaq Ermənistan hakimiyyətinə baha başa gəlir və bu ölkədə mövcud iqtidara qarşı yeni etiraz aksiyalarının başlanmasına rəvac verir. Ermənistan Müdafiə Nazirliyi qarşısında hələ də əhali tərəfindən davam edən yeni etiraz aksiyaları da bunun təsdiqidir.
Qeyd edək ki, aksiya iştirakçılarının bir qismi baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilib. Amma İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri Nikol Paşinyanla görüşdən narazı qalıblar. Hətta valideynlərin bir hissəsi görüşü yarımçıq tərk edib. Bəziləri isə hökumət binasında qalaraq baş nazirlə danışıqları davam etdirib. Valideynlərdən biri erməni mediasına açıqlamasında qeyd edib: “Yeddi aydır cavab vermirlər. Ora-bura, DNT mərkəzinə göndərirlər. Heç kim valideynlərə həqiqəti söyləmir. Onlara danışmaq asandır, uşaqları yanlarındadır”. Başqa valideyn isə aşağıdakıları bildirib: “Ümid edirdik ki, hökumət var, amma baş nazir Nikol Paşinyan suallarımızı cavablandıra, uşaqlarımız haqqında məlumat verə bilmir ki, övladlarımızın harada olduğunu, əsir və ya itkin düşdüyünü bilək. Əgər işləyə bilmirsə, bizə yalnız Putinə müraciət etmək qalır”. Qeyd edək ki, aksiya iştirakçıları problemlərinin KİV-də işıqlandırılmasından imtina ediblər. Onlar hesab edir ki, artıq səs-küy problemin həllinə mane olur.
Beləliklə, baş verənlər Azərbaycanın razılığı olmadan erməni diversantlarla bağlı məsələnin həllinin mümkünsüz olduğunu göstərir. Bu məsələnin həlli üçün isə İrəvanın Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarından irəli gələn vəzifələri icra etməsi vacibdir. Amma Ermənistanın üçtərəfli bəyanatların ruhuna zidd olaraq atdığı qeyri-konstruktiv addımlar hələlik İrəvanın proseslərə yanlış yanaşma nümayiş etdiridiyini göstərir. Belə qeyri-konstruktiv addımlardan biri də işğal dönəmində Ermənistanın minalayaraq istifadəsiz hala gətirdiyi ərazilərin xəritəsini hələ də Azərbaycana verməkdən imtina etməsidir. Postmüharibə dövründə məlum bəyanatlar imzalandıqdan sonra Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd etməsi də İrəvanın sülhə, qarşılıqlı əməkdaşlıq qurulması cəhdlərinə vurduğu ən böyük zərbələrdən biridir. Ermənistan başa düşməlidir ki, Azərbaycana qarşı hər hansı təhdid olarsa, ona ölkəmiz tərəfindən hüquq çərçivəsində lazımi cavab veriləcək. Bunun ən böyük sübut və təsdiqi 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın tarixi zəfəri, Ermənistanın acı məğlubiyyətidir. Ermənistanın regionda sülh prosesinə vurduğu daha bir zərbə hərbçilərinin üçtərəfli razılaşmalara əsasən qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməli olması bəndinə əməl etməməsilə bağlıdır. Ermənistan müvafiq razılıqlar əsasında bu xüsusda öhdəliklərinin icrasını ləngidir. Lakin bu zaman Azərbaycanın dəmir yumruğunun yerində olmasını unudur. Halbuki, Azərbaycan əməkdaşlıqda maraqlı tərəfdir. Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında bu xüsusda olduqca maraqlı fikirlər səsləndirib: “Mən bir neçə dəfə aydın şəkildə bildirdim: Biz hesab edirik ki, münaqişə səhifəsi artıq geridə qalıb. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən bununla bağlı hər hansı mesaj almamışıq. Ermənistan baş naziri sakitdir, Ermənistan xarici işlər naziri aqressivdir. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Onlar müharibədə nələrin baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya, əvvəllər də olduğu kimi, ən böyük məsələdir. Azərbaycanın mövqeyi aydındır və biz buna hazırıq. Ağdama və digər şəhərlərə qayıdacaq keçmiş məcburi köçkünlər ermənilərin onların torpaqları ilə, sevdikləri insanların məzarları ilə, dini abidələri ilə nə etdiklərini gözləri ilə görəcəklər. Biz hər birimiz insanıq, bizim hər birimizin hissləri var. Biz onları gizlədə, hisslərimizə nəzarət edə bilərik. Lakin bəzi zamanlarda bu çətindir. Mən azərbaycanlı məcburi köçkünlərin həmin ərazilərə gedərkən nə hisslər keçirəcəklərini deyə bilmərəm. Əgər Ermənistanın müsbət siqnalı olarsa, əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq”.
Tahir TAĞIYEV