Dünya qaz bazarında qiymətlər yüksəlməkdə davam edir. Bu isə qaz bazarı uğrunda rəqabəti daha da artırır. Söhbət ilk olaraq Avropa bazarlarından gedir. Soyuq və uzun sürən qış mövsümündə Avropanın qaz anbarları, demək olar ki, boşalıb. Hazırda Avropa anbarlarında toplanmış qaz ehtiyatının cəmi üçdə biri qalıb. Amerikalılar bundan istifadə etmək qərarına gələrək çoxlu sıxılmış qaz təklif ediblər. Lakin koronavirus pandemiyası ilə bağlı böhran Avropa ölkələrinə okeanın o tayından gələn enerji ehtiyatlarına pul xərcləməyə imkan vermir. Odur ki, Avropa üçün Rusiya və Azərbaycan qazı daha cəlbedici görünür. Bu xüsusda Rusiyanın "RİA Novosti" agentliyi yazır: “Ötən payız və qış mövsümündə avropalılar son on il ərzində ən maksimum həcmdə, yəni 65 milyard kubmetr qaz işlədiblər. "Gas Infrastructure Europe"-un məlumatına görə, qaz sərfiyyatında bundan əvvəlki pik 2018-ci ildə qeydə alınıb. Belə ki, həmin ilin fevral-mart aylarında Avropada anomal şaxta və bol qar yağması ilə müşayiət olunan tsiklon hökmran olub.
Hava şəraiti builki isitmə mövsümündə də Avropa ölkələri ilə acı zarafat edib. Odur ki "Qazprom" yanvar ayında soyuqdan buz bağlamış Avropaya qaz tədarükünü artırmalı olub. Almaniyaya adi qaydada olduğundan 32,4%, Fransaya 77,3%, Hollandiyaya 21,2%, İtaliyaya isə ümumiyyətlə 2 dəfə artıq qaz ixrac olunub. Bundan əlavə, soyuq iqlim şəraitinin hakim olduğu Asiya ölkələrinə də qaz ixracının həcmi artıb. Nəticədə bazarda spot qiymətlərinin (həmin qiymətlər üzrə mallar, qiymətli kağızlar və valyuta dərhal çatdırılma şərti ilə satılır) kəskin artımına gətirib çıxaran defisit yaranıb. Beləliklə, Asiyada elə gün olub ki, kotirovka qiymətləri min kubmetr üçün 1000 dolları ötüb. Bəzi hallarda isə sövdələşmələr hətta 1400 dollardan bağlanıb. Avropada qiymətlər 300 dollarlıq həddi keçib. Halbuki, "Qazprom"un büdcəsində 2021-ci il üçün qazın qiyməti 170 dollar nəzərdə tutulub. Nəticədə uzaq xaricə Rusiya qaz ixracının həcmi 19,5 milyarda kubmetrə qədər artıb. Bu isə bir il əvvəlkinə nisbətən 46% çoxdur.
Fevral ayında da hava o qədər xoş olmayıb. Belə ki, bu ay ərzində Avropadakı anbarlardan istehlakçılara maksimum həcmdə - sutka ərzində milyard kubmetrdən çox qaz ötürülüb. Soyuq mövsümün sonunda, martın 25-də yeraltı anbarlarda olan qazın orta həcmi 29%-ə qədər düşüb: konkret olaraq Almaniya və Avstriyada 26%, Niderlandda 23%, Fransada isə 17%. "Qazprom"un hesablamalarına görə, gələn qış mövsümündə donmamaq üçün avropalılar ötən illə müqayisədə anbarlara 57,3% daha çox (24 milyard kubmetrdən çox) qaz vurmalıdırlar. Bu isə 2020-ci ildə Fransa və Hollandiyaya ixrac olunmuş qazın ümumi həcminə bərabərdir. Anbarlara qaz vurulması kampaniyası 2011-ci ildən bu günə qədər ən genişmiqyaslı kampaniya olacaq. "Qazprom Export"un baş direktoru Yelena Burmistrovanın sözlərinə görə, 2020-ci ildə Avropa bazarında Rusiya qazının həcmi təqribən 33% olub. Onun sözlərinə görə, artıq ilin üçüncü rübündən başlayaraq ixracın həcmi böhrandan əvvəlki həcmə çatıb, bəzi hallarda isə keçib. İdxalçılar qarşısında bütün öhdəliklər yerinə yetirilib. İlin sonuna isə müqavilələr üzrə qiymətlər Avropa qaz qovşaqlarında spot qiymətlərinə nisbətən aşağı olduğu üçün Rusiya qazının ixrac həcmini daha da stimullaşdırıb.
Avropa İttifaqı ölkələrinə mavi yanacaq Rusiyada savayı Norveç, Qətər, Əlcəzair, ABŞ və Nigeriyadan tədarük olunur. Özü də almanlar və ingilislər rus qazını "Şimal axını" vasitəsilə alırlar. Başqa variant yoxdur. Əlbəttə, sıxılmış təbii qaza da keçmək olar, lakin bu yanacaq növü bahadır. Bundan əlavə, onun üçün xüsusi terminallar olmalıdır. Almaniyada isə bu tipli saxlanclar yoxdur. Həm də sıxılmış qaz Almaniyaya Belçika və Niderland ərazisi ilə çatdırılır. İtaliya və Böyük Britaniyada bu tipli terminallar var, lakin onlar da boru kəməri ilə nəql olunan qazdan imtina etməyə tələsmir. Buna görə də, Rusiya qazının əsas müştəriləri ABŞ-ın "Şimal axını-2" layihəsi ilə mübarizəsini dəstəkləmir. Bundan əlavə, Almaniya ABŞ-ın "Şimal axını-2" layihəsini rahat buraxması üçün Birləşmiş Ştatların sıxılmış təbii qazının qəbulu üçün terminalların inşasını maliyyələşdirməyi də təklif edib. Ötən ilin yayında Berlin bu məqsədlər üçün milyard avro ayırmağa hazır idi. Lakin Vaşinqton tutduğundan əl çəkmir.
Avropa İttifaqında rus qazının rəqiblərinin sayı çoxdur: Çexiya, Polşa, Macarıstan, Slovakiya, Rumıniya, Xorvatiya. Onlar qaz tranziti ölkələridir və onlar bundan xeyli vəsait qazanırlar. Yeri gəlmişkən, Varşava 2022-ci ildə rus qazı olmadan dolanacağını bəyan edib. Belə ki, polşalılar Şimal dənizində Norveç şelfinə doğru inşa olunan "Baltic Pipe" boru kəmərinə ümid bəsləyirlər. Onların tədarük edəcəyi qazın qalanı isə okeanın o tayından nəql olunacaq sıxılmış qazdır. Amerikalılar, təbii ki, Avropa anbarlarını qazla doldurmaqdan məmnun olardılar. Xüsusilə indi, Asiyada qaza tələbatın azaldığı vaxtda. Mart ayında Avropa ölkələri ABŞ-dan 11 milyard kubmetr qaz alıb. Bu, yanvar və fevral aylarında olduğundan iki dəfə artıqdır. Beləliklə, ABŞ Qərbi Avropaya nəql olunmuş qazın 30%-ni təmin edib. Bundan əlavə, hazırda dəniz və okeanlarda ABŞ sıxılmış təbii qazı ilə dolu 70 tanker var. Ümumiyyətlə, böhran hələ arxada qalmayıb. Sıxılmış qaz isə boru qazı ilə müqayisədə baha olaraq qalır. Bundan əlavə, "Qazprom", rəqiblərindən fərqli olaraq, qazın çıxarılması və sutka ərzində tədarükünü tezliklə artıra bilər. Belə ki, şirkətin Avropada öz yeraltı anbarları var.
Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti Aleksandr Timofeyev hesab edir ki, Rusiyanın qaz ixracı üçün Qərbi Avropa istiqaməti prioritetdir, belə ki, "Şimal axını" layihəsinin özünü doğruldub-doğrultmayacağı hələ də sual altındadır. Amma Avropa üçün Azərbaycandan gələn qaz da mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, Azərbaycan üzərindən digər ölkələrin qazı da Avropaya nəql edilə bilər. Aleksandr Timofeyev qeyd edir: "Soyuq keçən və uzun sürən qış yaxşı tələbat formalaşdırıb və tələbat anbarların doldurulmasından daha sürətlə arta bilər. Bu isə, öz növbəsində, artıq payız aylarında qiymət artımına gətirə bilər". Cari ilin ilk rübündə "Qazprom"un ixracı artıq 30,7% artıb. Qazın qiymət artımı isə isitmə mövsümü başa çatdıqdan sonra da davam edib. Hazırda TTF-in (“Title Transfer Facility Natural Gas Price Index”) Niderland qovşağında min kubmetr qazın qiyməti 252 dollar təşkil edir ki, bu da 2018-ci ilin maksimum göstəricisi olub”.
Ramil QULİYEV