Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Niderland Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qərəzli qətnamələrə dair açıqlama verib.
XİN-dən verilən açıqlamada deyilir: "Son dövrdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik.
Belə ki, 7 oktyabr tarixindən etibarən Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirmiş, açıq anti-Azərbaycan və anti-türk mövqeyi sərgiləmişdir. 17 dekabr tarixində qəbul olunmuş “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur.
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq.
Niderland, eləcə də parlamentləri qərəzli mövqe nümayiş etdirən digər Avropa dövlətləri qərəzli mövqe nümayiş etdirərək ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilər".
Nideralndın nümayiş etdirdiyi bu prinsipial düşməniliyin kökündə hansı amillər dura bilər?
“Burada Avropanın nisbətən nüfuzlu ölkələrinin də təsiri ola bilər”
Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son iki ayda Niderlandın bu qərəzli mövqeyi heç bir mənəviyyata, siyasi əxlaq və beynəlxalq davranış prinsiplərinə sığmır: “Bu anti-Türkiyə və anti-Azərbaycan mövqeyinin açıq nümayişi bizim cəmiyyətdə ciddi hiddət doğurur. Əslində, demokratik prinsiplərə sadiq olduğunu bəyan edən Niderland kimi ölkə belə bir addım atmamalıdır. Niderlandın bu mövqeyi sırf qərəzdən xəbər verir. Həmin ölkədə çox güclü türk və bizim öz diasporumuz fəaliyyət göstərir. Onların bu məsələyə etirazı mütləq lazımdır. Ən azından, həmin parlamentin qarşısında etiraz piketi keçirilməlidir. Hesab edirəm ki, bu açıq qərəzin kökündə sırf erməni maraqlarının təmin olunması dura bilər. İlkin olaraq bu elementi axtarmaq lazımdır. Çünki həmin diasporun paralamentlərlə iş təcrübəsi, yalanları həqiqət kimi təqdim etmək bacarığı var. Bundan əlavə, burada Avropanın nisbətən nüfuzlu ölkələrinin də təsiri ola bilər. Məsələn, Fransa açıq-aşkar erməniləri müdafiə edir. Həmin ölkənin təzyiqi ilə də Niderlandda belə qərarlar qəbul edilə bilər. İstənilən halda, bunun kökündə başlıca olaraq erməni marağı durur. Bizim XİN artıq bu məsələyə münasibətini açıqlayıb. Belə davam edirsə, həm Türkiyə, həm də Azərbaycan diplomatik münasibətlərinə yenidən baxıla bilər. Biz bu qərəzli mövqeyə qəti etirazımızı bildiririk. Bütün səviyyələrdə buna etiraz olmalıdır. Bundan itirən Niderland ola bilər. Çünki beynəlxalq münasibətlər, bəşəri dəyərlər bu şəkildə ayaqlar altına atıla bilməz”.
Ekspertin sözlərinə görə, Niderland parlamenti açıq-aşkar biabırçı mövqeyindən geri çəkilməlidir: “Bunu etməsələr, öz ölkələrinin imici yerlə bir olacaq. Düşünmürəm ki, həmin ölkənin parlamenti dünyada baş verən hansısa proseslə bağlı belə açıq qərəz ortaya qoyub”.
Məhəmmədəli QƏRİBLİ