Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan keçirilən matəm yürüşündə iştirak edib. O, yürüşdə çıxışı zamanı bildirib ki, Ermənistan atəşkəs rejimi dövründə də itirməyə davam edir: “Bu ya Ermənistanın dünya xəritəsindən tamamilə yox olması, ya da heç kimin hesaba almayacağı səfil bir ölkəyə çevrilməsi ilə nəticələnəcək. Belə davam edərsə, xalqımızın təhlükəsizliyini təmin edə bilməyəcəyik. Ermənistanı itirəcəyik".
Ermənistanın xəritədən silinməsi ilə bağlı Manukyanın narahatlığı nə dərəcədə əsaslıdır və bu hansı şəraitdə mümkün ola bilər?
“Ermənistanın tam məhvi elə Manukyan kimi qızışdırıcı elementlərin üzündən ola bilər”
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Manukyanın bu narahatlığı əbəs deyil: “Bundan əvvəlki çıxışlarında o, Ermənistanın iqtisadi cəhətdən də vəziyyətinin acınacaqlı olduğunu bildirmişdi. Ən maraqlısı isə budur ki, Manukyan bunu Qarabağ və ətraf rayonlarda itirilən iqtisadi potensialla əsaslandırmışdı. Manukyan deyib ki, təhvil verilmiş ərazilərdə erməni tərəfinin əlindən buğda sahələri, üzüm və nar bağları, istehsal əhəmiyyətli obyektlər və su elektrik stansiyaları çıxıb. Müxalifət lideri bütün bunların iqtisadi nəticələrinin müharibədən sonrakı vəziyyətdə Ermənistanı məhvə aparacağını deyib. Hətta bildirilir ki, Ermənistanın əlindən çıxan 90 min hektar taxıl tarlaları səbəbindən həmin ölkədə aclıq da yaşana bilər. İqtisadi cəhətdən onsuz da dilənçi günündə olan Ermənistanın bu vəziyyəti onu daha da acınacaqlı və tam olaraq xaricdən asılı vəziyyətə sala bilər. Bundan əlavə, Manukyanı narahat edən amillərdən biri də Zəfər paradı zamanı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdir. Prezident İlham Əliyev həmin çıxışında qeyd etmişdi ki, İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və bu həqiqətdir. Onlar bilirlər ki, Azərbaycan gec-tez bu məsələnin də üstünə gedə bilər. Ermənistanın tam məhv olması isə elə Manukyan kimi qızışdırıcı elementlərin üzündən ola bilər. Onlar sülh sazişini pozmağa, Ermənistanı yenidən müharibəyə səsləyirlər. Yadınızdadırsa, Putinə ünvanlanan “Ermənistan öhdəlikləri yerinə yetirməyəcəyi halda nə olar” sualına o, “bu intihar olar” cavabını vermişdi. Yəni Ermənistan Qarabağda yenidən təxribata əl atarsa, Rusiya prosesə müdaxilə etməz və nəticədə Azərbaycan Ordusu bayarağımızı İrəvanda dalğalandıra bilər”.
Ekspertin sözlərinə görə, belə olan halda isə Ermənistan yalnız kiminsə əlaltısı kimi de-yure mövcudluğunu saxlayacaq: “Manukyan bir qədər də pafosu artırır ki, Paşinyanın daha da hörmətdən salsın. Həm də istəyirlər ki, Azərbaycan barədə işğalçı dövlət imici yaratsınlar. Əhalini qorxudurlar ki, güya istənilən vaxt Azərbaycan onları işğal edə bilər. Əgər Ermənistan özünü ağıllı apararsa, başqasının torpağına göz dikməzsə, onların mövcudluğuna kimsə xələl gətirməz. Yox, əvvəlki kimi siyasət yürüdəcəklərsə, onda olan-qalan dövlətlərini də itirə bilərlər”.
Ekspert hesab edir ki, Erməni cəmiyyəti dərindən düşünüb, kimləri hakimiyyətə gətirməklə bağlı düzgün qərar verməlidir: “Əks təqdirdə onların vəziyyəti daha acınacaqlı olacaq”.
Məhəmmədəli QƏRİBLİ